Cənub bölgəsində çəltik biçininə başlayan fermerlər bu il sevinclidirlər. Səbəb sahələrdə məhsuldarlığın yüksək olmasıdır. Bu bolluq həm də onunla izah edilir ki, bu il texnikalardan daha çox istifadə olunub. Bu, həm də fermerlərin işini xeyli asanlaşdırıb.
Astara və Lənkəranda çəltik sahələrində biçinə bir neçə gündür başlanılıb.
360 hektar sahədə əsasən yerli "haşimi" sortu ilə yanaşı, İtaliyadan gətirilmiş sortlara da üstünlük verilib. Bundan başqa, pəhriz saxlayanlar üçün əlverişli olan qara düyünün də əkini aparılıb. Məhsuldarlığa gəldikdə isə, bu il bol məhsul təsərrüfat sahiblərinin üzünü güldürüb. Bir hektardan 6-7 ton arası çəltik yığılır. Bəzi sortların məhsuldarlığı isə bundan bir qədər də yuxarıdır.
Sahələrdə texnika problemi də yoxdur. Çəltiyin əkinindən tutmuş, biçininə qədər görülən bütün işlər texnika ilə aparıldığından məhsul itkiyə getmir.
Bu il təsərrüfat sahiblərinin üzləşdikləri yeganə çətinlik su ilə bağlı olub. Yağıntının az düşməsi onların da işinə mənfi təsir edib. Qiymətə gəldikdə isə, düyünün bir kiloqramı sortundan asılı olaraq, 1 manat - 3 manat 50 qəpik arasında dəyişir.