Abşeronda oyun salonu qarət edilib. Obyektə daxil olan naməlum şəxs və ya şəxslər ordan xeyli sayda oyun aparatı oğurlayıblar. Bənzər cinayət paytaxtın Nəsimi rayonunda da olub. Burda isə oyun oynayan şəxs çıxarkən bir ədəd ''plesteyşın'' oğurlayıb. Həmin an obyektin təhlükəsişzlik kamerasına da düşüb.
Oyun salonu qarət edilib. Obyektdən xeyli sayda oyun aparatı oğurlanıb.
Hadisə Xırdalan şəhəri Qalubiyyə küçəsində yerləşən oyun salonunda baş verib. Obyekt sahibi Mahir Əhmədov avqustun 20-də səhər işə gələndə qapının açıq olduğunu, içəridə isə oyun aparatlarının və televizorların yoxa çıxdığını görüb. O, dərhal polisi məlumat verib.
Abşeron Rayon Polis İdarəsindən bildirdilər ki, oyun salonundan oğurluq edilməsi ilə bağlı idarəyə məlumat daxil olub. Lakin hadisədən 7 gün keçməsinə baxmayaraq, hələlik cinayəti törədən şəxs və ya şəxslər müəyyən edilməyib. Faktla bağlı araşdırmalar davam edir.
Daha bir oyun salonu paytaxtın Nəsimi rayonu, metronun ''Memar-Əcəmi'' stansiyasının yaxınlığında olub. İqbal Bəşirova məxsus obyektə daxil olan şəxs ödəniş edib oyun oynayıb. Daha sonra o, obyekt sahibinin başının qarışıq olduğunu görüb, digər masadakı oyun aparatını götürüb çıxıb. Həmin an salonun təhlükəsizlik kamerasına da düşüb. Təxminən 25-30 yaşlı bu şəxs İqbal Bəşirova 400 manat məbləğində ziyan vurub. İndi polis görüntülər əsasında həmin şəxsi axtarır.
Paytaxtın Səbail rayonu, İstiqalaliyyət küçəsində isə xırdavat mağazasından oğurluq edilib. Mağazaya daxil olan naməlum şəxs orda heç kimin olmamasından istifadə edərək, satıcı Namiq Qasımovun telefonunu kassanın yanından götürərək çıxıb. Bu oğurluq anı da kameralara aydın şəkildə düşüb.
Zərərçəkmiş deyir ki, hadisə ilə bağlı ərazi üzrə 9-cu polis bölməsinə məlumat verib. Hadisə yerinə gələn bölmə əməkdaşları görüntülər əsasında həmin şəxsi axtarır.