Almaniya kansleri Cənubi Qafqaza səfəri çərçivəsində bu gün Azərbaycanda olub. Angela Merkel Azərbaycana ilk səfəri zamanı prezident İlham Əliyevlə görüşüb. Təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə ikitərəfli ticarət, investisiya yatırımı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Almaniya kansleri Angela Merkel Azərbaycanda səfərdədir. Prezident İlham Əliyev ali qonağı rəsmi mərasimlə qarşılayıb.
Daha sonra Azərbaycan və Almaniya nümayəndə heyətlərinin geniş tərkibdə görüşü keçirilib. Görüşdə Almaniya kanslerinin Azərbaycana səfərinin iki ölkə arasındakı əlaqələrin inkişafına böyük təkan verəcəyi qeyd olunub.
Daha sonra Azərbaycan prezidenti İlham Əliyev və Almaniyanın kansleri Angela Merkel mətbuata bəyanatlarla çıxış ediblər. Dövlət başçısı çıxışında Dağlıq Qarabağ münaqişəsindən danışaraq Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü, 1 milyon insanın qaçqın və məcburi köçkün vəziyyətində yaşadığına diqqət çəkib. Prezident Almaniya kanslerinin Azərbaycana səfərinin böyük önəm daşıdığına diqqət çəkib. Dövlət başçısı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində böyük rol oynadığını və Cənub Qaz Dəhlizi layihəsinin indiyədək bütün mərhələlərinin qrafikə uyğun təhvil verildiyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanda demokratiya və insan hüquqlarının vəziyyəti ilə bağlı da danışaraq bildirib ki, bütün azadlıqlar qorunur və dövlət tərəfindən bu azadlıqlara tam təminat verilir. Dövlət başçısı məntiqi əsası olan tənqidlərdən nəticə çıxarıldığını, ancaq ikili standartlara söykənən tənqidlərə isə hər zaman cavab verildiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev Xəzər dənizi vasitəsilə digər ölkələrin Azərbaycanın sahib olduğu infrastrukturla öz ehtiyatlarının Avropa bazarına çıxarılmasından da danışıb. Dövlət başçısı bu məsələdə Azərbaycanın maraqlı olduğunu, ancaq öz ehtiyatlarını dünya bazarına çıxarmaq istəyən ölkələrin də bu işdə təşəbbüs nümayiş etdirməli olduğunu vurğulayıb.
Almaniya kansleri Angela Merkel isə Azərbaycana ilk səfərindən məmnunluq duyduğunu, bu səfərin ikili əlaqələrin inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirib. Angela Merkel Azərbaycanın Cənubi Qafqaz ölkələri ilə Almaniya arasındakı həm siyasi, həm də iqtisadi əlaqələrdə önəmli rola sahib olduğuna diqqət çəkib.
Almaniya kansleri Angela Merkel Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı da danışaraq, bu problemin həllinin ancaq sülh yolu ilə mümkün olacağını vurğulayıb. O, bu sahədə öz ölkəsinin dəstək verməyə hazır olduğunu vurğulayıb.
Daha sonra Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin və Almaniya Kansleri Angela Merkelin iş adamları ilə görüşü olub. Görüşdə Azərbaycan Prezidenti və Almaniyanın Federal Kansleri çıxış ediblər. Prezident İlham Əliyev yalnız dövlət vəsaiti hesabına Almaniya şirkətlərinin 1 milyard dollardan çox layihələr icra etdiyini və bu rəqəmin gələcəkdə daha da artacağına ümidvar olduğunu bildirib. Dövlət başçısı Almaniya texnologiyalarının Azərbaycanın sənaye quruculuğunda önəmli rol oynadığına diqqət çəkib.
Almaniya kansleri Angela Merkel isə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi zamanı ölkəsinin bu sahədə olan təcrübəsini paylaşa biləcəklərini bildirib.