Bu narkotiki "Monkey Dust" ("Meymun tozu") adlandırırlar. "Meymun tozu"nu qəbul edənlər özlərini hamıdan sürətli, qüdrətli və güclü sayırlar. Onlar ölməz olduğunu düşünürlər.
Narkotik maddə 2003-2005-ci illərdə Britaniyanın BBC Three telekanalında nümayiş olunmuş eyniadlı qara komediya animasiya serialının "şərəf"inə belə adlanıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Britaniyada "meymun tozu" sürətlə yayılır. Bu narkotiki qəbul edəndən sonra özlərini supergüclü manyaklar hesab edən narkomanlar ən müxtəlif ağır cinayətlər törədirlər.
Stok-on-Trent şəhərindəki Houp küçəsi Britaniyada "meymun tozu" satışlarının mərkəzinə çevrilib. Bu küçənin səkiləri "Meymun tozu"nun istifadə olunmuş paketləri və şprislərlə doludur.
"Meymun tozu" katinonlar əsasındakı sintetik stimulyator olaraq amfetamin və kokain qəbulundan sonrakı effektə bənzəyən sonuc verir.
Sarımtıl toza bənzəyən "Meymun tozu"ndan istifadə edən narkomanların dediklərinə görə, özlərini çox güclü hesab edirlər.
Şəhər polisindən verilən məlumata görə, "Meymun tozu", eyni zamanda, təqib maniyası və paranoyalar da yaradır. Məsələn, 54 yaşlı narkoman Entoni Pepper məşuqəsi ilə birlikdə "Meymun tozu" qəbul edəndən sonra yaşadığı evin damına çıxıb, orada "Pedofillər məni təqib edir!" bağıraraq özünü aşağı atıb, həlak olub.
Ənənəvi narkotik maddələrdən daha təsirli və daha ucuz olan "Meymun tozu" artıq Avropa ölkələrinə də yayılmağa başlayıb.