Mingəçevir sakini Rəşid Vəliyev bir müddət əvvəl avtomobili ilə zəncirvari qəzaya düşüb və bu qəza başqa bir sürücünün səhvi ucbatından baş verib. Zərəri ödəməli olan sığorta şirkətinin müəyyən etdiyi məbləğ isə qəzada iştirak etmiş avtomobillərə dəymiş ziyanın aradan qaldırılmasına kifayət etmir və bu da sürücüləri narazı salıb.
Bu hadisə zəncirvari yol qəzaları zamanı dəymiş ziyanın necə hesablanması və ödənilməsi məsələsini aktuallaşdırır. Sığorta məsələləri üzrə ekspert Daşdəmir Niftəliyev deyir ki, ilk növbədə zəncirvari qəzanın hansı sürücünün təqsiri ucbatından baş verdiyi dəqiqləşdirilir. Bu, Yol polisinin verdiyi "forma 4" arayışından sonra təsdiqlənir.
İcbari sığortalar haqqında qanuna əsasən, sığorta ödənişi qəzaya səbəb olan sürücünün mülki məsuliyyətinin icbari sığortasını həyata keçirən şirkət tərəfindən ödənilir. Bu zaman zənvirvari qəzada neçə avtomobilə və hansı həcmdə ziyan dəydiyi dəqiq müəyyən edilməlidir. Daha sonra icbari sığorta şirkəti tərəfindən bir hadisəyə görə nəzərdə tutduğu 5 min manat vəsait zərərçəkənlər arasında bölüşdürülür.
Zəncirvari qəzada ziyan görmüş avtomobillərin könüllü sığortası varsa, o zaman dəymiş ziyanın tam ödənilməsi daha da asanlaşır.
Təqsirkar sürücünün ümumiyyətlə sığortası yoxdursa, bu zaman problem məhkəməyə müraciət edilməklə həllini tapa bilər. Ekspert Daşdəmir Niftəliyevin sözlərinə görə, əgər qəzadan sonra 2 sürücünün təqsirkar olduğu müəyyən edilərsə və hər iki sürücünün sığortası olarsa, o zaman 5 min manat deyil, 10 min manat dəymiş ziyanın miqyasına uyğun olaraq bölüşdürülməlidir. Bu qayda dəqiqliklə qanunvericilikdə əks edilməsə də, sığortaçılar tərəfindən təcrübədə geniş tətbiq edilir.