Xəzər Xəbər

Astarada yüz başdan çox iribuynuzlu heyvan TƏLƏF OLDU VİDEO

Veb TV | 20:55 • 21 Avqust 2018
Astarada yüz başdan çox iribuynuzlu heyvan TƏLƏF OLDU

Heyvanları gənəyə qarşı dezinfeksiya etmək üçün onlara dərman vuran fermer təxminən yarım saatdan sonra gördüyü mənzərə qarşısında şoka düşüb. Dərmanın təsirindən zərərvericilər yox, fermerin 100-ə yaxın iribuynuzlu heyvanı zəhərlənərək tələf olub. Hadisə Astara rayonundakı təsərrüfatlardan birində baş verib.

Gənəyə qarşı vurulan dərman heyvanları tələf edib.

Hadisə Astara rayonunun Ərçivan qəsəbəsində Şaban Məmmədova məxsus təsərrüfatda qeydə alınıb. Təsərrüfat sahibi ötən gün baytarlıq aptekindən iribuynuzlu heyvanlarda gənə əleyhinə istifadə etmək üçün dərman alıb. Fermaya gələrək baytarlıq əməkdaşlarının nəzarəti olmadan dərmanı hazırlayıb və təsərrüfatda olan 125 iribuynuzlu heyvana vurub. Bundan bir neçə dəqiqə sonra isə heyvanlar arasında kütləvi tələfat olub.

 Zəhərlənən inəklər əvvəlcə sağa-sola qaçışmağa başlayıb, sonra isə yerə yıxılaraq çırpınaraq ölüblər.

 Şaban Məmmədov vurulan dərmanın dozasının norma daxilində hazırlandığını, zəhərlənmənin dərmanın tərkibi ilə bağlı olduğunu iddia edir.

 

Əraziyə Astara Rayon Baytarlıq İdarəsinin əməkdaşları gələrək tələf olan heyvanlardan nümunələr götürüblər. Baytarlıq idarəsinin rəisi Mübariz Axundov heyvanların tələf olmasına səbəb olan dərmanın dozadan artıq olduğunu bildirir.

 

Heyvanların kütləvi şəkildə tələf olmasının dəqiq səbəbi aparılan müayinələrdən sonra məlum olacaq. Tələf olmuş heyvanlar dezinfeksiya edilərək basdırılıb.

Xəbər lenti

Çox oxunanlar