Hindistanın cənubundakı Kerala ştatında 2 həftədir davam edən musson yağışları nəticəsində yaranan güclü daşqınlarda ölən insanların sayı artıq 400-ü keçib.
XəzərXəbər "Euronews”a istinadən xəbər verir ki, Hindistan son 100 ilin ən güclü daşqınları ilə üzləşib. Aramsız yağan musson yağışları nəticəsində 44 çay öz məcrasından çıxıb, bir neçə körpü dağılıb, 35-dən çox su anbarı daşıb. Ştatın Periyar çayının yaxınlığında yerləşən Koçi şəhər hava limanı avqustun 26-dək bütün uçuşları dayandırıb.
On minlərlə insan su basmış evlərinin damına çıxmağa çalışaraq təxliyyə köməyi gözləyirlər. Hazırda yerli hökumət son 12 ilin ən irimiqyaslı xilasetmə əməliyyatını həyata keçirir. Hindistan ordusu da bu əməliyyatlara cəlb olunub. Artıq 800 mindən çox insan təxliyyə olunub. Məlumata əsasən, suyun axını o qədər güclüdür ki, xilasedicilər insaları evakuasiya etməyə vaxt çatdıra bilmirlər. Lakin yağışlar bir qədər səngidiyindən, kömək gözləyən insanları tez bir zamanda müəyyənləşdirərək onları xilas etmək nisbətən asanlaşıb.
Hazırda bütün Kerala ştatı ərazisi üzrə fövqəladə hal elan olunub. Xilasetmə əməliyyatları və təxliyyə olunanlara humanitar yardım davam etdirilir.
Musson yağışları mövsümünün sentyabradək davam edəcəyi gözlənilir.