Ermənistanın yeni hakimiyyəti ilə Kreml arasında etimadsızlıq getdikcə dərinləşir.
Xezerxeber.az-ın məlumatına görə, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiyaya müttəfiq görüntüsü yaratsa da, siyasi bəyanatlarında ABŞ və Avropa meyilli fikirlər səsləndirməsi rəsmi Moskvanı qıcıqlandırıb.
Erməni KİV-lərinin məlumatına görə, Nikol Paşinyan Moskvanın Ermənistan daxilində baş verən son siyasi proseslərdən narahatlığının əsassız olduğunu bildirib: "Ermənistanda artıq yeni vəziyyət yaranıb və biz hamımız, o cümlədən də, rusiyalı tərəfdaşlarımız bu yeni vəziyyətə adaptasiya olmalıdırlar. Odur ki, hər şey qaydasındadır. Nəhayət ki, Moskva Ermənistandakı dəyişikliklərə uyğunlaşmalıdır".
Xatırladaq ki, erməni KİV-lərində Ermənistanın baş naziri Nikol Paşinyan Sergey Lavrovun İrəvanın son günlərdə atdığı addımları tənqid etməsinə münasibət bildirib.
Xarici və yerli siyasi analitiklər Ermənistan hakimiyyətinin qərbyönümlü siyasət yürütməsi və bunun Rusiya hakimiyyət dairələrində ciddi reaksiyalarla qarşılanmasını for-post ölkə üçün yaxşı heç nə vəd etmədiyini bildirirlər.
Rusiyanın "Nezavisimaya qazeta"da isə Ermənistana güzəştli kreditlə silah satışından və əvəzində İrəvanın indiki rəhbərliyinin NATO, Qərblə yaxınlaşmaq səylərindən bəhs edən məqalə dərc edilib. Məqalədə silahların Ermənistana daha kreditlə yox, nəğd pula təklif edilə biləcəyinə eyham vurulur.
Siyasi ekspert Arzu Nagıyev bildirir ki, Rusiya tərəfi Ermənistan hakimiyyətinə bir daha mesaj verir ki, for-post dövlət təkcə siyasi, iqtisadi cəhətdən deyil hərbi cəhətdən də rəsmi Moskvadan asılıdır.
Ermənistan hakimiyyətinin siyasi cəhətdən Qərbə yaxınlaşması və Rusiyadan bağların tədricən ayrılması Kremllə daha dərin konfrontasiyanın yaşanacagını deməyə əsas verir. Paşinyanın sürüşkən siyasət yürüdərək Rusiya və Qərb arasında siyasi manipulyasiyası nəticədə dilənçi vəziyyətində olan Ermənistanı daha agır duruma gətirib çıxara bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: