Bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qruplari üzrə qəbul imtahanı keçirib.
Xezerxeber.az-ın məlumatına görə, 30 mindən çox abituriyent imtahanda iştirak edərək öz bilik və bacarığını sınayıb.
İmtahan prosesinin idarə olunması üçün Dövlət İmtahan Mərkəzində xüsusi operativ qərargah da fəaliyyət göstərib.
Imtahan ümumilikdə ölkə üzrə 11 şəhərdə-Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 49 binada aparılıb. İmtahan bütün şəhərlərdə eyni vaxtda saat 11:00-da başlayıb və 3 saat davam edib. İmtahanda 14993 nəfər II qrup , 16911 abituriyent isə III qrup üzrə ümumilikdə 31904 abituriyent imtahanda iştirak etmək üçün ərizə verib.
Dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayıblar. Bundan başqa, imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər də imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Qeyd edək ki, sabahdan etibarən Dövlət İmatahan Mərkəzi tərəfindən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: