Xəzər Xəbər

Bakıda avtobus sürücüsü sükan arxasında narkotik çəkir - Şirkət narkomanı necə işə götürür? - VİDEO

Veb TV | 20:36 • 25 İyul 2018
Bakıda avtobus sürücüsü sükan arxasında narkotik çəkir -

Sosial şəbəkələrdə Bakıda avtobus sürücüsünün sükan arxasında narkotik maddə qəbul etməsini əks etdirən görüntülər yayılıb.

Xezerxeber.az-ın məlumatına görə, artıq həmin sürücü saxlanılıb. Bu fakt avtobus sürücülərinin tibbi yoxlanışdan hansı formada keçdiyi məsələsini gündəmə gətirir.

Görüntülərdə avtobusun sükanı arxasında olan sürücünün müəmmalı və təhlükəli hərəkətləri diqqət çəkir. O, siqaretin kağızı ilə yol boyu nə isə düzəltməyə çalışır. Görüntünü çəkən və sosial şəbəkələrdə yayan şəxs isə həmin sürücünün sükan arxasında narkotik maddə qəbul etdiyini iddia edib.

Kadrlar ötən gün Bakıda, "Nəriman Nərimanov" metrostansiyasının yaxınlığından Biləcəri qəsəbəsinə hərəkət edən 202 saylı marşrut avtobusunda qeydə alınıb. Hadisə ilə bağlı dərhal polisə məlumat verilib və sürücü İlkin Tağıyev elə yolda saxlanılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, saxlanılan zaman sürücü müvafiq sənədlərini təqdim etməyib və tibbi müayinə zamanı sürücünün içki və narkotik vasitənin təsiri altında olması aşkarlanıb. Bu fakt isə hər gün tibbi yoxlanışdan keçməli olan avtobus sürücülərinin bu prosesdən kənarda qaldığı şübhələrini artırır.

Sürücülərin hansı formada yoxlanıldığını öyrənmək üçün 202 saylı marşrut avtobusunun məxsus olduğu "Çinar Trans'' MMC şirkətinin bazasına getdik, amma ordan bizə bildirdilər ki, rəhbərlik polis idarəsindədir və buna görə də ərazidə çəkiliş aparmağa icazə verə bilməzlər.

Səhiyyə Nazirliyindən isə bildirildi ki, daşıyıcı şirkətlər dövlət xəstəxanaları əvəzinə belə müayinələri özəl klinika və müəssisələrə həvalə edirlər. Məhz bu amil sonda belə xoşagəlməz mənzərənin yaranmasına səbəb olur.

Bakı Nəqliyyat Agentlyindən isə bildirilir ki, 202 saylı marşrut xətti üzrə daşıyıcı işinə məsuliyyətlə yanaşmayıb. Sərnişindaşıma tələblərinə əməl etməyən daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar