Xəzər Xəbər

Bəzi şəxslər parklanma yerlərindən pulsuz istifadə edə bilər - Qanunun bu tələbi niyə icra olunmur? - VİDEO

Veb TV | 20:37 • 17 İyul 2018
Bəzi şəxslər parklanma yerlərindən pulsuz istifadə edə bilər -

Vətəndaş parklanma yerinin yaxınlığında yaşayırsa, müraciəti əsasında duracaq yeri ona pulsuz parketmə talonu verməlidir.

Xezerxeber.az-ın məlumatına görə, bu, "Yol hərəkəti haqqında" qanunda öz əksini tapıb. Ancaq təcrübədə qanunun bu tələbi demək olar ki, icra olunmur.

"Xəzər Xəbər" məsələni araşdırıb.

"Yol hərəkəti haqqında" qanunun 53-cü maddəsinə əsasən, parklanma yerlərinin yerləşdiyi küçədə yaşayan sakinlər öz avtomobillərini müraciət etməklə duracaq yerlərində pulsuz olaraq saxlamaq hüququna malikdirlər.

Bununla bağlı paytaxtda yerləşən bir sıra duracağa baş çəkdik. Ancaq duracaq sahibləri belə bir qaydanın tətbiq edilmədiyini bildirdilər. Qış parkındakı duracağın səlahiyyətli şəxslərindən birinin dediyinə görə, duracaq yeni yaradılanda yaxınlıqda yaşayanlara icra hakimiyyəti tərəfindən "qonşuluq paketi" adı altında aylıq 15, 20, 25 manatlıq endirimlər təqdim olunub. Ancaq 2 ildən sonra bu endirim də ləğv olunub. Yəni hazırda duracaqdan pulsuz olaraq istifadə edən yoxdur.

Hüquqşünas Xəyal Bəşirov deyir ki, duracaqlara qoyulan bu tələbin icrası məcburidir və bundan imtina qanunun açıq şəkildə pozulması deməkdir.

Qış parkının altındakı duracağın yaxınlığında yaşayan sakinlər qanunda belə bir tələbin olduğundan xəbərsiz olduqlarını, bu tələb yerinə yetirilərsə parklanma ilə bağlı paytaxtda vəziyyətin önəmli dərəcədə dəyişə biləcəyini deyirlər.

Onu da qeyd edək ki, dövlət başçısı 2017-ci il fevralın 23-də imzaladığı fərmanla Nazirlər Kabinetinə Bakıda duracaqlardan səmərəli istifadə və onun qiymətlərinin müəyyən olunması ilə bağlı təkliflər hazırlanması ilə bağlı tapşırıqlar verib. Bu tapşırığın icrası ilə vətəndaşların pulsuz duracaq probleminin də həll ediləyi gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar