Gecə saatlarında Bakıda yol çöküb. Hadisə zamanı xəsarət alan olmasada yolda hərəkət məhdudlaşdırlıb. Yolun çökməsinin səbəbləri araşdırılır. Bu arada çökmə ilə əlaqədar bəzi marşurut avtobuslarının hərəkət istiqaməti dəyişdirilib
7-8 il əvvəl alternativ olaraq salınan yol 2-3 metr dərinliyində çökdü.
Hadisə Bakıda Nəsimi rayonunda baş verib.
Hadisə baş verən əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və digər qurumların əməkdaşları gəliblər. Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin "Xəzər Xəbər"ə verdiyi məlumata görə, baş vermiş çökmənin səbəbləri araşdırmalardan sonra dəqiq bilinəcək.
Bununla yanaşı,qurum rəsmisi bildirdi ki, sözügedən yol 7-8 il bundan öncə Bakı Metropoliteninin sifarişi ilə metro tikintisi səbəbindən alternativ yol olaraq salınıb. Yolun tam bərpa olunması istiqamətində isə işlər aparılır.
''Bakı Metropoliteni'' Qapalı Səhimdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə yolun çökməsinə ərazidə metronun tikilməsinin səbəb göstərilməsi məsələsinə aydınlıq gətirib.Onun sözlərinə görə, adıçəkilən yol həqiqətəndə 7-8 il bundan öncə Bakı Metropoliteninin sifarişi ilə metro tikintisi səbəbindən alternativ yol olaraq salınıb.
Bəxtiyar Məmmədov deyib ki, hadisə ilə əlaqədar ''Bakı Metropoliteni'' QSC-nin nümayəndələri çökmə yerinə keçirilən baxış prosesində iştirak ediblər: "Bununla yanaşı, operativ qaydada mümkün nəzəri ehtimalları da araşdırmaq məqsədilə qurumun nümayəndələri bu ərazi istiqamətində tikinti meydançasına və tunellərə təkrar baxış keçiriblər.Cəlil Məmmədquluzadə küçəsində yerləşən və şərti adı "B-04" olan metro stansiyasını "B-03" stansiyası ilə birləşdirən tunellərin inşası 2016-cı ilin yanvar ayında başa çatdırılıb. Həmin ərazidə inşa olunan "B-04" stansiyasının inşaatında isə yalnız ilkin mərhələnin işləri aparılır və çökməyə səbəb ola bilməz. Metro stansiyasının tikintisi üçün inşaat meydançası ayrılaraq hasara alındığı, həmçinin hazırlıq işləri başlandığı dövrdə ərazidə səlahiyyətli qurumlar tərəfindən kommunikasiya xətləri və digər məsələlərlə bağlı müvafiq işlər də aparılıb. Bütün bunları nəzərə alaraq, çökmə metro inşaatı ilə əlaqələndirilə bilməz.
Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki,Cəlil Məmmədquluzadə küçəsinin müəyyən hissəsinin çökməsi ilə əlaqədar olaraq 52 və 33 nömrəli müntəzəm marşrutların hərəkət istiqamətləri Səməd Vurğun və Abbasqulu ağa Bakıxanov küçələrindən təşkil edilib.