Şeyxülislam Hacı Allahşükür Paşazadə Gəncə terrorundan danışıb. O deyib ki, terrorun islam dinində heç bir yeri yoxdur. Allahşükür Paşazadə belə vəziyyətlərdə dövlətlə xalq birliyinin vacibliyini bir daha diqqətə çatdırıb.
"Terrorun islam dinində heç bir yeri yoxdur". Bütün Qafqazın şeyxi Haci Allahşükür Paşazadə Gəncədə baş vermiş hadisələrə münasibət bildirərkən belə deyib. O, qətl törədən şəxslərin İslam dinini ləkələdiyini bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri cəmiyyətdə dini ayrı-seçkiliyin müzakirə mövzusu ola bilməyəcəyini bildirib. Şeyx qeyd edib ki, dünyada baş verən hadisələrə, eləcə də yaxın qonşular və başqa ölkələrə baxanda görürük ki, bəzi qüvvələr İslamdan öz məqsədləri üçün istifadə edirlər.
Allahşükür Paşazadə bildirib ki, din xadimləri moizələrində təxribatların mahiyyətini dindarlara çatdırır və bu iş sistemli xarakter alaraq daha da təkmilləşdiriləcək.
Şeyxülislam sonda əlavə edib ki, dindarlar hər zaman dövlətçiliyə dəstək olublar və bundan sonra da olacaqlar.