Yanlış verilən dərmanın 18 hektar zəmini məhv etdiyi iddia olunur...
Tovuzun Alakol qəsəbə sakini Sakit Abbasov deyir ki, Şəmkir rayonu ərazisində icarə qaydasında 18 hektar ərazidə taxıl əkib. Fermer iddia edir ki, aqrotexniki qaydalara uyğun olaraq "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialının sədri Vidadi Əkbərovdan alaq otlarına qarşı dərman alıb. Ona verilən kimyəvi vasitə isə yabanı otlarla birlikdə taxılı da yandırıb. 18 hektar sahədən yenidən verilən gübrələrin hesabına cəmi 11 ton taxıl əldə edilib.
Fermer bildirir ki, bir hektar əraziyə 600 manat xərci çıxıb. Buna görə də dəyən ziyanı ödəmək üçün Vidadi Əkbərova müraciət edib. Nəticədə Şəmkir kənd təsərrüfatı idarəsi və Aqrolizinq ASC-nin Şəmkir filialının rəhbərlərinin iştirakı ilə əraziyə baxış keçirilib, dəyən ziyan müəyyənləşdirilib. Fermer iddia edir ki, Vidadi Əkbərov yanlış dərman verdiyini etiraf edərək, 10 min manat pul və 8 ton taxılı təzminat kimi ödəyəcəyini vəd edib. Ancaq o, 10 min manatı versə də, 8 ton taxılı verməkdən bayun qaçırır.
"Aqrolizinq" ASC-nin Tovuz filialının sədri Vidadi Əkbərov Xəzər Xəbər-ə dedi ki, ona qarşı sürülən iddia tamamilə yalandır və o, heç kimə dərman satmayıb. Vidadi Əkbərov fermerin 10 min manat pulu da ondan şantaj yolu aldığını iddia edib. Ancaq zərərçəkmiş Sakit Abbasovun bizə təqdim etdiyi və gizli çəkilən bu görüntülərdə sözügedən şəxslərin həqiqətən də həmin sahələrə baxış keçirərək müzakirə apardıqları açıq-aydın görünür.