Paytaxtın Nərimanov rayonunda polis evlərdən oğurluq edən şəxsi saxlayıb. Saxlanılan şəxs törətdiyi əməli etiraf edib. Əvvəllər də məhkum olunmuş Masallı sakini iyun ayı ərzində 4 evdən oğurluq edib. Cəlilabadda isə bir mağazada artıq bir neçə dəfədir ki, oğurluğa cəhd edilir.
Evlərə qənim kəsilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bakıda Nərimanov polisinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsindən iyun ayı ərzində 4 ayrı evdən pul, qızıl və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Niyaməddin Əliyev tutulub.
Saxlanılan şəxs ifadəsində törətdiyi oğurluqları etiraf edib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.Araşdırmalar davam etdirilir.
Cəlilabad rayonunun Kazımabad kəndində isə naməlum şəxslər eyni dükandan növbəti dəfə oğruluq etməyə cəhd göstəriblər. Axşam saatlarından onlar Sona Ağayevaya məxsus dükanın qapısındakı qıfılları xüsusi alətlərlə sındıraraq içəri daxil olmağa çalışıblar.
Lakin qıfıllardan birini sındıra bilməyən şəxslər dükanın divarındakı daşları sökmək istəyiblər. Ancaq maraqlıdır ki, daşlardan ikisini çıxardıqdan sonra istifadə etdikləri alətləri də hadisə yerində qoyaraq ərazidən uzaqlaşıblar.