Xəzər Xəbər

VİDEO: Türkiyə yeni ilə terrorla girdi - 39 ölü, 70 yaralı

Veb TV | 14:02 • 1 Yanvar 2017
VİDEO: Türkiyə yeni ilə terrorla girdi - 39 ölü, 70 yaralı

Yeni il Türkiyə üçün uğurlu başlamayıb. 2017-ci ilin il saatlarında İstanbulda gecə klublarından birində qanlı qətliam yaşanıb. Naməlum silahlı santa klaus geyimində kluba daxil olaraq insanları gülləbaran edib. Nəticədə 39 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb.

Türkiyə yeni ili qanlı terror aktı ilə qarşılayıb.

Gecə saatlarında naməlum silahlı şəxsin İstanbulun Ortaköy rayonunda yerləşən "Reina" gecə klubuna hücumu nəticəsində 39 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb.

Santa Klaus geyimli naməlum silahlı gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib. Sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb.

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun sözlərinə görə, həlak olan 39 nəfərdən 16-sı xarici ölkə vətəndaşları, 4-ü də gecə klubunun işçiləri olub.

Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən 600-dək insan olub. Süleyman Soylu həmçinin qeyd edib ki, Santa Klaus geyimində olan şəxs qətliamdan sonra paltarını dəyişərək oradan qaçıb. Hazırda terrorçunun ələ keçirilməsi istiqamətində genişmiqyaslı tədbirlər görülür.

Xəsarət alanlar arasında 2 azərbaycanlı da olub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, xəsarət almış qadının vəziyyəti qənaətbəxş sayılıb və o, xəstəxanadan buraxılıb. Bununla yanaşı daha bir kişinin də yaralanması barədə məlumat daxil olub. hazırda Azərbaycanın İstanbuldakı Baş Konsulluğu həmin şəxsin kimliyini araşdırır və Türkiyənin müvafiq qurumları ilə təmasları davam etdirir.

Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Xəbər lenti

Çox oxunanlar