Beş gün əvvəl Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində partlayış baş vermiş qaz xəttində yenidən partlayış olub.
Xezerxeber.az məlumat verir ki, parlayışın ardından isə güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə səhər saat 7 radələrində kəmərin eyni yerində qeydə alınıb.
Hadisədən dərhal sonra Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülüb, Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərinə qaz vurulması dayandırılıb. Bundan sonra yanğın lokallaşdırılıb.
SOCAR-dan verilən məlumata görə, qəza baş vermiş kəmərin istismara buraxılması üçün aparılan yoxlama işləri zamanı yeni nöqsan aşkar edilib. Yoxlama-sınaq işləri müvəqqəti olaraq dayandırılıb.
Hazırda yeni nöqsanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Bu işlərin həyata keçirilməsinin sənaye və əhali abunəçilərin qaz təminatına heç bir təsiri olmayacaq, - deyə məlumatda bildirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: