Təcili tibbi yardım maşını yük maşınına çırpılıb. Qəza zamanı 1 nəfər ölüb.
Xezerxeber.az məlumat verir ki, hadisə bu gün səhər saatlarında Bakı- Qazax əsas magistral yolunun 187-ci kilometrliyində, Kürdəmir rayon ərazisində baş verib. Tural Süleymanovun idarə etdiyi Ucar Mərkəzi Rayon Xəstəxanasına məxsus təcili tibbi yardım maşını ilə Qalib Hüseynovun idarə etdiyi markalı yük maşını toqquşub. Zərbənin gücündən təcili yardım maşını yanmağa başlayıb.
Nəticədə təcili tibbi yardım maşınında olan sərnişin, Ucar rayon sakini 54 yaşlı Şəhla Əzizova hadisə yerində ölüb. Sürücü Tural Süleymanov və digər sərnişinlər, Xəyalə Mehdiyeva, tibb bacısı Validə Xəlilova müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunublar. Yanğın səbəbindən yol bir neçə saat bağlı qalıb.
Ağır qəzalardan biri də gecə Ağcabədidə olub. İki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri, Daşkəsən rayon Əhmədli kənd sakini, 22 yaşlı Faiq Qurbanov hadisə yerində ölüb. digər sürücü, Ağcabədi rayon sakini Əli Abdullayev Ağcabədi Mərkəzi rayon Xəstəxanasına çatdırılsa da, aldığı yaradan həyatını itirib. Ağcabədi Mərkəzi rayon Xəstəxanasından verilən xəbərə görə, sərnişin olan 20 yaşlı gəncin həyatını xilas etmək mümkün olub.
Bu gün günorta saatlarında Masallının Qəriblər kəndi ərazisində də ağır yol qəza hadisəsi baş verib. Hadisə zamanı Masallı şəhər sakini, 45-yaşlı Mübariz Bağırovun idarə etdiyi avtomaşın rayonun Qəriblər kənd sakini, 51yaşlı Rövşən Əmənovun idarə etdiyi avtomobillə toqquşub.
Toqquşma zamanı hər iki maşına ciddi ziyan dəyib. Hadisə zamanı sürücüsü 51 yaşlı Rövşən Əmanov və sərnişin, Təhminə Hacıyeva aldıqları çoxsaylı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişiblər. Müxtəlif dərəcəli bədən xəsarətləri almış digər sürücü və sərnişin 13-yaşlı Zeynəb Həmzəyeva isə Masallı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
İlkin versiya kimi qəzanın yüksək sürət səbəbindən baş verdiyi bildirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: