Xəzər Xəbər

Bakı yaxınlığında ağır qəza: 2 azyaşlı uşaq ölüb, 5 nəfər xəsarət alıb - VİDEO

Veb TV | 20:53 • 9 Avqust 2017
Bakı yaxınlığında ağır qəza:

Abşeronda 2 minik avtomobili toqquşub. Qəza zamanı 2 azyaşlı ölüb, 5 nəfər xəsarət alıb. Şəmkirdə də minik avtomobilləri toqquşub. Hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər xəsarət alıb. Gəncədə isə minik avtomobili piyadanı vuraraq öldürüb.

Minik avtomobillərinin toqquşması nəticəsində 2 azyaşlı uşaq ölüb, 5 nəfər xəsarət alıb.

Ağır yol nəqliyyat ötən gecə Abşeronda baş verib. Novxanı-binəqədi yolunda qeydə alınmış hadisə zamanı iki "Mercedes" və bir "Vaz 2106" markalı minik maşınları toqquşub. Nəticədə iki azyaşlı - 6 yaşlı Gülçöhrə Seyidova və 2 aylıq Mehram Seyidov dünyasını dəyişib. Daha 5 nəfər - Mehman Seyidov, Könül seyidova, Ləman Mahmudzadə, Lamiyə Mahmudzadə və Mehdixan Vəkilov isə xəsarətlə xəstəxanaya yerləşdirilib. Hadisə şahidlərinin verdiyi məlumata görə, avtoqəza "Mercedes" markalı avtomobillərdən birinin sürücüsünün səhvi ucbatından baş verib. Sərxoş olduğu deyilən həmin sürücü avtomaşını yolun əks istiqamətində idarə etməklə qəza şəraiti yaradıb. Sərxoş sürücü artıq saxlanılaraq məsuliyyətə cəlb olunub.

Şəmkirdə isə minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Şəmkir-Gədəbəy yolunun Qasımalılar kəndindən keçən hissəsində iki minik avtomobili toqquşub. Maşınlardan birində olan sərnişin, sürücünün atası, 62 yaşlı Zahid Şirinov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Həmin avtomobilin sürücüsü, Gədəbəy sakini, 28 yaşlı Rauf Şirinov, eləcə də digər avtomobildə olan 3 nəfər - Şəmkir sakinləri, Samir əsgərzadə, Rizvan əliyev və Gədəbəy sakini Ceyhun Həsənov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlardan bir nəfərin vəziyyəti ağır, 2 nəfərin - orta ağır, bir nəfərin isə normal qiymətləndirilir.

Gəncədə isə minik avtomobili piyadanı vuraraq öldürüb. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. Şəhər sakini, 67 yaşlı Bəhmən Cabbarov idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən şəhər sakini, 62 yaşlı Yeganə Verdiyevanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hər iki faktla bağlı araşdırma aparılır.


Xəbər lenti