Ali məktəblərə qəbul imtahanlarında zəif nəticə göstərən abituriyentlər üçün bu il gözəl bir xəbər gəldi. Təhsil haqqında qanuna edilən dəyişikliklərdən sonra belə abituriyentlərin ali təhsil ala bilməsi üçün yeni imkan yarana bilər. Belə ki, universitetlərin nəzdnində hazırluq qrupları təşkil ediləcək. Bu il qəbul imtahanlarında iştirak edənlərin 49 faizindən çoxunun 200 balı keçmədiyini nəzərə alsaq yəqin ki, belə hazırlıq qruplarına maraq böyük olacaq.
Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin 50.6 faizi 200 baldan yuxarı nəticə göstərib. Bu isə o anlama gəlir ki, yerdə qalan 49.4 faiz abituriyentin ali təhsil almaq imkanları məhdudlaşıb.
Amma belə ümidsiz abituriyentlərin köməyinə ali məktəblərin nəzdində fəaliyyət göstərəcək 1 illik hazırlıq qrupları gələcək. Təhsil haqqında qanuna edilən dəyişiklikdən sonra ödənişli qrupların yaradılması nəzərdə tutulub. Hazırlıq qruplarına keçid balını keçməmiş, aşağı nəticə göstərərək ixtisas seçimində iştirak etməyən abituriyentlər qəbul ediləcək.
Hər bir ali məktəb öz profilinə uyğun ixtisaslar üzrə hazırlıq qrupları təşkil edə bilər. Keçid balını keçməmiş abituriyentlərin hazırlıq qruplarına qəbul edilib-edilməməsini ali məktəblərin özləri müəyyənləşdirəcəklər. Təbii ki, bu zaman müraciət edənlər arasında seçim aparılacaq. Hazırlıq qruplarının ödənişi ali məktəblər tərəfindən müəyyən ediləcək. Bir sözlə standart qiymətlər tətbiq edilməyəcək. Bir məqamı nəzərə almaq lazımdır ki, qarşıdakı il ali təhsil almaq yenə də abituriyentin özündən asılı olacaq.
Təhsil eksperti Kamran Əsədov deyir ki, hazırlıq qrupunu bitirən zaman verilən imtahan cari ildə abituriyentlərin iştirak edəcəkləri qəbul imtahanlarından fərqli olacaq. Yəni məzunlar hazırlıq qruplarında aldıqları təhsilə uyğun imtahan verəcəklər.
Hazırlıq qruplarının bu il mövcud olub-olmayacağı ilə bağlı sorğuya cavab olaraq Təhsil Nazirliyindən isə bildirilib ki, belə qrupların bu il təşkil edilməsi gözlənilmir.