Şəhərdə velosiped mədəniyyətinin formalaşması yaxşı haldır. Xüsusilə də Bakı kimi məskunlaşmanın sıx olduğu şəhərlərdə bu, təşviq edilməlidir. Ancaq Bakıda bir nəfər bu mədəniyyəti səhv mənimsəyib. Elə bilib ki, velosipedlə hər yerə daxil ola bilər. Elə marşrut avtobusuna da.
Dayanacağa yaxınlaşır və elə belə də olmalıymış kimi velosipedi ilə birlikdə avtobusa daxil olur. Nə sürücünün, nə də xətt dispetçerinin xəbərdarlıqlarına da məhəl qoyur.
Gedişhaqqını ödədikdən sonra avtobusa daxil olaraq velosipedi fiziki məhdudiyyətli sərnişinlər üçün ayrılmış xüsusi yerdə saxlayır.
Görüntülər "BakuBus"a məxsus 21 nömrəli marşrut xəttində qeydə alınıb. Belə ki bir nəfər Səməd Vurğun bağının yanındakı dayanacaqdan hərəkət edən marşrut avtobusuna velosipedlə daxil olub.
Bu hərəkəti ilə sərnişindaşıma qaydalarını pozduğu bildirilsə də, israrla avtobusda qalmağa davam edir.
Sərnişinlərlə dolu avtobusun hərəkətinə maneə yaradan sərnişin, avtobusun 23 dəqiqəyə yaxın yubanmasıına və qrafik üzrə ləngiməsinə səbəb olub.
Hadisə ilə bağlı polis orqanlarına məlumat verildikdən
və əraziyə polis əməkdaşları gəldikdən sonra həmin sərnişin velosipedi ilə
avtobusu tərk edib.