Xəzər Xəbər

MİDA-nın adından mənzil satan vəzifəli şəxslər tutuldu VİDEO

Veb TV | 20:49 • 27 İyul 2017
MİDA-nın adından mənzil satan vəzifəli şəxslər tutuldu

Ölkəmizdə daha bir şirkətin rəhbər şəxsləri həbs edilib. Onlar dələduzluqda ittiham edilirlər. Belə ki, onlar paytaxt sakinlərinə sosial mənzillər almaqda kömək edəcəklərinə dair vədlər verərək onlarin pullarini mənimsəyiblər.

Bakıda mənzil fırıldaqçılığında adı hallanan özəl bir şirkətin rəhbərləri həbs edilib. Söhbət "579 SSA" MMC-nin vəzifəli şəxslərindən gedir. Bununla bağlı Mənzil İnşaatı Dövlət Agentliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

Məlumatda deyilir ki, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində MMC-nin təsisçisi Salayev Eldar Ağaşirin oğlu və şirkətin direktoru vəzifəsində işləyən Qafarov Məhəmməd Elman oğlu Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilən binalarda mənzil satışını həyata keçirmək səlahiyyətləri olmadığına baxmayaraq, şərti adı Samir Məmmədov olan paytaxt sakininə sosial mənzil alınmasında köməklik göstərəcəklərini yalandan vəd ediblər. İlkin ödəniş adı altında vətəndaşdan 5 min manat məbləğində pul alınıb.

Eldar Salayev və Məhəmməd Qafarov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bununla yanaşı, cinayət işinin istintaqı zamanı və həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri ilə həmin vəzifəli şəxslər tərəfindən güzəştli şərtlərlə sosial mənzillərin satılması adı altında digər 25 nəfər vətəndaşın da əmlaklarının ələ keçirilməsi faktları müəyyən olunub.

Hazırda "579 SSA" MMC-nin vəzifəli səxsləri tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə, qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.

Eyni zamanda, güzəştlə mənzil almaq hüququ olan vətəndaslara tövsiyə olunur ki, bu cür neqativ hallarla rastlaşmamaları üçün Bakı şəhərində yerləsən 1, 3 və 5 saylı "ASAN xidmət" mərkəzlərində və Sumqayıt "ASAN xidmət" mərkəzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən təşkil olunmuş "Güzəştli mənzil" xidmət məntəqələrinə müraciət etsinlər.



Xəbər lenti