Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi birgə bəyanat yayıb.
Ermənistan silahlı qüvvələri
tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan dövlət
sərhədi boyunca ağır silahlardan istifadə edilməklə atəşkəs rejiminin
intensiv şəkildə pozulması və təxribatların törədilməsi halları baş
verməkdədir.
Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri ilə yanaşı
yaşayış məntəqələrindəki dinc əhali və mülki obyektlər də qəsdən və
sistematik şəkildə Ermənistan silahlı qüvvələri tərəfindən hədəfə
alınır. Bütün beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə
qınanılan Ermənistanın bu kimi qəddar əməllərinin nəticəsində 4 iyul
tarixində Füzuli rayonunun Alxanlı kəndində 51 yaşlı Allahverdiyeva
Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın öldürülməsi, 52 yaşlı
Quliyeva Sərvinazın isə ağır yaralanması hər kəsə bəllidir.
25 iyul
tarixində Ermənistan silahlı qüvvələri tərəfindən döyüş təyinatlı
pilotsuz uçuş aparatından istifadə edilib və əldə hazırlanmış
yandırıcı-partlayıcı və metal elementlərlə doldurulmuş mərmilər silahlı
qüvvələrimizin mövqelərinə atılıb.
Ermənistanın iyun və iyul
aylarında daha da intensivləşən bu təxribatları sıradan olan adi hallar
olmayaraq, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri,
münaqişənin həlli üzrə görüşlər və Azərbaycan, ATƏT-in Minsk Qrupunun
həmsədrləri və beynəlxalq ictimaiyyət tərəfindən səsləndirilən
substantiv danışıqlara ciddi çağırışlar fonunda sistematik şəkildə və
qəsdən törədilir. Həmçinin, Ermənistanın bu kimi çirkin niyyətli
əməlləri siyasi təhrikçi addımlarla müşayiət olunur. Azərbaycanın
işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma
rejimin saxta "parlamenti”ndə 19 iyul tarixində beynəlxalq ictimaiyyət
tərəfindən rədd edilən "prezident” seçkisinin keçirilməsi bunun əyani
sübutudur.
Beləliklə, hadisələrin inkişaf xronikası bir daha onu
sübut edir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin dəstəyi ilə
münaqişənin ciddi danışıqlar yolu ilə həlli istiqamətində səyləri
artırdığı halda, Ermənistan danışıqlar prosesini pozmaq, işğala
əsaslanan status-kvonu saxlamaq və qəsdən vəziyyəti gərginləşdirmək
məqsədilə təxribatlara əl atır. Ermənistanın bu əməlləri əvvəllər olduğu
kimi, amma daha güclü və ciddi formada beynəlxalq ictimaiyyət
tərəfindən rədd edilməli və qınanılmalıdır. Əks təqdirdə, Ermənistan
cəzasız qaldığını görərək yeni hərbi avantüralara əl atacaqdır.
Ermənistanın
beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana
qarşı apardığı müharibə və Azərbaycan ərazilərinin işğalının bu günədək
davam etdirməsi nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini
pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid
edir.
Münaqişəyə son qoymaq, sülh və əmin-amanlığı təmin etmək üçün
Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının
çıxarılması mütləq şəkildə labüddür. Ermənistanın təbliğat maşınının
yalançı səylərinə baxmayaraq təkzibolunmaz faktlar onu göstərir ki, məhz
Ermənistan və onun silahlı qüvvələri Azərbaycana qarşı təcavüz edib,
onun ərazilərini işğal edib və əhalisinə qarşı etnik təmizləmə törədib.
Ermənistanın
təxribatlarının qarşısını almaq və qoşunların təmas xətti boyunca
Azərbaycanın mülki əhalisinin təhlükəsizliyini təmin etmək üçün
Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımı tədbirləri
görür və bundan sonra da görəcəkdir.
Bir daha bəyan edirik ki,
Ermənistanın törətdiyi təxribatlara və Azərbaycana qarşı davam edən
işğalın nəticələrinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə
düşür.