Bakı sakini avtomobilinə dəymiş ziyanı sığorta şirkətinə ödətdirə bilmir. Dəyən ziyan 3 min manata yaxın olsa da, sığorta şirkəti cəmi 720 manat pul təklif edir. Vətəndaş isə ona dəyən ziyanın hamısının ödənilməsini və ya avtomobilinin əvvəlki vəziyyətə gətirilməsini tələb edir.
Bakı sakini Aydın Hüseynov avtomobilinə dəyən ziyanı sığorta şirkətindən ala bilmir. Zərərçəkənin sözlərinə görə, iyul ayının 12-də Bakı-Sumqayıt yolunda qarşı tərəfin səhvi ucbatından avtomobili yararsız hala düşüb.
Qəza zamanı hadisə yerinə gələn dövlət yol polisinin əməkdaşları da qəzanın sxemini tərtib edərək günahın qarşı tərəfdə olduğunu təsdiqləyiblər. Baxmayaraq ki, hadisə yerində hər iki tərəf razılığa gəlib, amma sonradan digər avtomobili sığortalayan şirkət dəymiş ziyanı ödəməkdən imtina edib.
Sürücü deyir ki, sığorta şirkəti nə qəza zamanı, nə də ondan sonra onun avtomobilinə baxmayıb. Sadəcə avtomobilin şəkillərini vhatsapp vasitəsilə qəbul edərək özlərindən qiymətləndirmə ediblər. Aydın Hüseynov isə sığortanın onun üçün ayırdığı bu məbləğin dəyən ziyanın heç 4-də biri qədər olmadığını deyir.
Hüquqşünaslar isə belə bir vəziyyətdə vətəndaşın sığorta şirkətini məhkəməyə verməyə tam hüququ çatdığını deyirlər. Belə ki, sığorta şirkəti hadisə yerinə gəlmədən sadəcə fotoşəkillərlə ekspert rəyi verərək dəyən ziyanı təyin edə bilməz və istənilən halda zərəçəkən ona dəyən ziyanın 5 min manata qədər olan hissəsini tələb edə bilər.