Manatın məzənnəsi neçə aydır ki, sabitdir. İdxaldan asılılıq azalır və tələbat daha çox yerli istehsal hesabına ödənilir.Məhsul istehsalını artırmaq üçün daha 38 böyük aqropark yaradılır. Ölkə üzrə ümumi məhsuldarlıq artsa da, rayonlar arasında fərqlər mövcuddur. Nazirlər Kabinetinin iclasında çıxış edən prezident İlham Əliyev bu fərqin araşdırılmasını tapşırıb. Məsələn, Kürdəmir rayonunda məhsuldarlıq 21, ancaq qonşu rayonda - Saatlıda 42 sentnerdir. Dövlət başçısı həmçinin bildirib ki, bu il turistlərin sayı 25 % artıb. Və Azərbaycana turist axını daha da böyük olacaq.
Uğurlu iqtisadi islahatlar və iqtisadi siyasət 6 ay ərzində ixracın 36 faiz artmasına, idxalın isə əksinə 15 faiz azalmasına səbəb olub.Nazirlər Kabinetinin iclasında çıxışı zamanı prezident İlham Əliyev qeyd edib ki, əldə edilən maliyyə və iqtisadi sabitlik inkişafa səbəb olub.Manatın məzənnəsinin bir müddətdir ki, sabit qalması buna təkan verib.
Dövlət başçısı qeyd edib ki, valyuta ehtiyatlarımız 3 milyard dollar artaraq 40,6 milyard dollar təşkil edir. Ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Bütün bunların nəticəsində qeyri-neft sektoru 4,4 faiz artıb.Qeyri-neft sektorunda kənd təsərrüfatı önəmli yerlərdən birini tutur. Bu il də aqrar sahənin inkişafına diqqət yüksək səviyyədə olacaq. Məhsul istehsalını artırmaq üçün indiyədək 32 iri fermer təsərrüfatı yaradılıb. İndi isə 38 böyük aqropark yaradılır. Strateji məhsulların istehsalının artırılması üçün müxtəlif stimullaşdırıcı addımlar atılır. Bununla bağlı dövlət başçısı qeyd edib ki, ölkə üzrə ümumi məhsuldarlıq artsa da, rayonlar arasında fərqlər mövcuddur.
Prezident qeyd edib ki, inşaat sektorunun canlanması müşahidə olunur, qəzalı binaların yerində yeni binalar tikilir. Qəzalı binalardan vətəndaşlar köçürülərək onlara müvəqqəti kirayə pulu verilir. Tikiləcək binaların birinci mərtəbəsində usaq bağçası da nəzərdə tutulur ki, bu yolla bir-iki ilə 80-dən çox usaq bağçası istifadəyə veriləcək. Bundan əlavə Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə 29 bina tikilir. "Ağ Şəhər"də onlarla bina inşa olunub.
Yeni binaların tikintisi şəhərimizin abadlaşmasına gətirib çıxarır. Bu isə turistlərin axın etməsi üçün əsas şərtlərdən biridir. Bundan əlavə ölkəmizdə keçirilən beynəlxalq mötəbər yarışlar da turist axınına təkan verən əsas amillərdən hesab edilir.
İclasda dövlət başçısı məmurlara və onların ailə üzvlərinə növbəti dəfə xəbərdarlıq edib. O vurğulayıb ki, xuliqanlıq edən, xalqla kobud davranan məmurlar haqqında sərt tədbirlər görüləcək.