Uşaq heyvanların müalicəsi üçün istifadə olunan dərmanı içərək ölüb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Ağsu rayonunun Muradlı kəndində yerləşən mal-qara fermasında baş verib. Fermada müvəqqəti yaşayan və çobanlıq edən İsmayıllı rayon sakini Ramal Şirinovun övladı, 1 yaşlı Ulduz Şirinova xəstə mal-qaranı dezinfeksiya etmək üçün istifadə edilən "Niastol" adlı kimyəvi məhlulu içib.
Valideynləri hadisədən gec xəbər tutduqları üçün uşağın halı pisləşib və azyaşlı zəhərlənmə diaqnozu ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi yardım göstərilməsinə baxmayaraq, uşaq dünyasını dəyişib.
Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Tovuzda isə azyaşlı uşağın üzərinə qaynar su tökülüb. Bədbəxt hadisə rayonun Bozalğanlı kəndində baş verib. 1 yaşlı Tunar Hacıyev evdə nəzarətsiz qalarkən qızdırılmış su ilə dolu olan qazan onun üzərinə aşırıb. Ağır bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən azyaşlıya ilkin tibbi yardım göstərilib. Uşağın vəziyyəti ağır olduğundan paytaxtdakı xəstəxanalardan birinə göndərilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: