Bakı səhəri faciəvi qəza xəbəri ilə açıb. Səhər saatlarında Suraxanı rayonu Zığ şossesində ağır-yol nəqliyyat hadisəsi baş verib, toqquşan iki avtomobildən biri alışıb yanıb. Nəticədə 3 nəfər yanaraq ölüb. Ölənlərdən ikisi qardaşdır.
Bakıda baş verən avtomobil qəzasında ikisi qardaş olan 3 nəfər yanaraq can verib. Faciəvi yol nəqliyyat hadisəsi Suraxanı rayonunda Zığ şossesində olub. "KİA" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-2107" yanıb.
Qəzanı görən şahidlər dərhal yanğınsöndürənlərə məlumat veriblər. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürdükdən sonra avtomobildə sıxılmış vəziyyətdə qalmış 3 nəfərin yanmış cəsədi xilasedicilər tərəfindən çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub.
Yanan avtomobildə ölən şəxslərin sürücü - 44 yaşlı Gülağa Quliyev, sərnişinlər 44 yaşlı Elçin Sadıqov və onun qardaşı 49 yaşlı Namiq Sadıqov olduqları müəyyən edilib.
Şahidlərin sözlərinə görə qəzaya hərəkətdə olan "İkarus" markalı avtobus sürücüsünün qəzaya uğrayan avtomobillərin sürücülərini çaşdırması səbəb olub.
Qəzanın dəqiq səbəblərini isə polis müəyyən edəcək. Faktla bağlı cinayət işi açılıb.