Xəzər Xəbər

''Qanlıgöl''də qanlı hadisə - Ər arvadını qətlə yetirib - VİDEO

Veb TV | 19:39 • 24 Mart 2017
''Qanlıgöl''də qanlı hadisə -

Həyat yoldaşından şübhələnən kişi onu 10-dan çox bıçaq zərbəsi ilə qətlə yetirib.

Xezerxeber.az məlumat verir ki, ağır cinayət günorta vaxtı paytaxtın Yasamal rayonu ''Qanlıgöl'' ətrafında baş verib. Məlumata görə, sözügedən ərazidə kirayədə yaşayan 43 yaşlı Əkbər Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 42 yaşlı Firuzə Quliyevaya küçənin ortasında çoxsaylı bıçaq xəsarətləri yetirib. 10-dan çox bıçaq zərbəsi alan Firuzə Quliyeva hadisə yerindəcə keçinib.

Cinayəti törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Əkbər Quliyev könüllü polisə gələrək istintaqa təslim olub.

İlkin dindirmələr zamanı saxlanılan şəxs bildirib ki, həyat yoldaşını yad kişi ilə görüb. Bunun səbəbini soruşduqda qadın həmin şəxsin tanışı olduğunu bildirib və ərinə ''işinlə məşğul ol'' deyib. Həyat yoldaşının etinadsızlığını qəbul edə bilməyən Əkbər Quliyev hiddətlənərək bıçaqla arvadının bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirməyə başlayıb.

Onların kirayədə qaldığı evin sahibi deyir ki, Əkbər Quliyevin oğlu ilə gəlini həmin evdə qalırmış. Bir ay əvvəl isə Firuzə Quliyeva oğlunun yanına gələrək onunla yaşayıb. Səbəb isə həyat yoldaşı Əkbərlə rayonda yaşaya bilməməsi olub. Faktla bağlı Yasamal rayon Prokurorluğunda Əkbər Quliyevə qarşı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Qətlin təfərrüatları araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti