Koreya Xalq Demokratik Respublikası (KXDR) qitələrarası ballistik raket buraxıb.
Xezerxeber.az xəbər verir ki, ölkənin rəsmi informasiya agentliyi KCNA bu barədə məlumat yayıb.
Agentlik buraxılışı ölkənin lideri Kim Çen Inın yerində izlədiyini bildirib.
Yonhap agentliyi də Cənubi Koreya silahlı qüvvələrinin qərargahına istinadla KXDR-in Yapon dənizi istiqamətində qitələrarası ballistik raket buraxması barədə xəbər yayıb. Raketin yerli vaxtla səhər saat 7:10-da Pxenyan yaxınlığından buraxıldığı bildirilir.
NHK kanalının kameraları Hokkaydo adası yaxınlığında ağ rəngli obyektin dənizə düşdüyünü görüntüləyib. Yaponiyanın Müdafiə Nazirliyi isə Şimali Koreyanın buraxdığı raketin Yaponiyanın dənizdəki məxsusi iqtisadi zonasından kənara, Hokkaydo adasından 200 kilometr məsafədə suya düşdüyünü açıqlayıb. Qurum raketin uçuşunun 1 saat 26 dəqiqə çəkdiyini, bunun Şimali Koreyanın indiyədək ən çox uçan ballistik raketi olduğunu bəyan edib. Raketin təxminən ən yuxarısı 7 min kilometr yüksəklik olmaqla 1000 kilometr məsafə qət etdiyi bildirilir.
Qeyd edək ki, Şimali Koreya bundan əvvəl sonuncu dəfə ötən ilin dekabrında qitələrarası ballistik raket sınağı keçirib.
KXDR-in raket buraxılışı Pxenyanın Ukrayna müharibəsində vuruşmaq üçün Rusiyaya hərbçi göndərməsi barədə kəşfiyyat məlumatlarının açıqlanmasından sonra yaranmış gərgin dövrə təsadüf edir. Cənubi Koreya və ABŞ Pxenyanın bu addımını qınayıb. Rəsmi Seul hətta buna cavab olaraq Ukraynaya hərbi yardım göstərməyi nəzərdən keçirdiyini açıqlayıb.