London İmperial Kollecinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu erkən ölüm riskini proqnozlaşdırmaqla ürək xəstələrinin müalicəsini daha effektiv vəziyyətə gətirəcək süni intellekt (AI) modeli hazırlayıb. Bu model yüksək riskli ürək xəstələrinin müəyyən olunmasına kömək edərək onların yaşamaq ehtimalını artıracaq. Tezliklə Britaniyada sınaqdan keçiriləcək sistemin ölüm riskini proqnozlaşdırmaqla daha müvəffəqiyyətli müalicə metodlarının tətbiqini təmin edəcəyi gözlənilir.
AZƏRTAC “euronews.com” saytına istinadla xəbər verir ki, araşdırma nəticəsində “AI-EKQ risk proqnozu” və ya “AIRE” kimi tanınan yeni süni intellekt modeli, milyonlarla elektrokardioqramın (EKQ) nəticələrinə əsaslanaraq ürək xəstəliyi və ölüm riski ilə əlaqədar detallı nümunələri analiz edir. Bu model həkimlərin tez-tez gözdən qaçırdığı detallar vasitəsilə ölüm riskini müəyyənləşdirə bilir və tez-tez infarkt, ürək çatışmazlığı, eləcə də ürək ritmi problemlərini də proqnozlaşdırmaqda istifadə olunur.
London İmperial Kollecinin ürək elektrofiziologiyası üzrə tədqiqatçısı Fu Sionq deyib: “Biz inanırıq ki, bu model həm NHS, həm də qlobal səhiyyə sahəsində böyük səmərə əldə edilə bilər.”
“AIRE” modelinin effektivliyi həqiqi xəstələrin iştirakı ilə aparılacaq sınaqlarda qiymətləndiriləcək. 2025-ci ilin ortalarında başlaması planlaşdıran sınaqlar, ambulator klinikalar və xəstəxana tibbi xidmətlərində xəstələr üzərində həyata keçiriləcək. Tədqiqatçılar, modelin yüksək dəqiqliklə ürək xəstəliklərinin gələcəkdə inkişaf ehtimalını təxmin edəcəyini və xəstələrin həyatı üçün ciddi risklər yaradacaq vəziyyətlərin qarşısını alacağını bildirirlər.
Britaniya Ürək Fondunun baş elmi işçisi Brayan Vilyams, “AIRE” modelinin EKQ-lər vasitəsilə ürək xəstəlikləri risklərini daha dəqiq qiymətləndirməyə imkan verdiyini söyləyib. O qeyd edib ki, süni intellekt EKQ-lərin istifadə imkanlarını genişləndirərək, gələcək ürək və sağlamlıq problemləri ilə əlaqədar riskləri dəqiqliklə müəyyənləşdirməyə yardımçı olacaq.
London İmperial Kollecinin əməkdaşı Arunaşis Sau kardioloqların EKQ-lərdə normal və anormal dəyişiklikləri təyin etmək üçün standart təlimatlardan istifadə etdiyini deyir. Onun fikrincə, süni intellekt daha incə detallar üzərində çalışaraq gələcəkdə ortaya çıxa biləcək problemləri əvvəlcədən aşkar edə bilər: “Süni intellekt daha dərin təhlil edərək, xəstəliyi gizli inkişaf mərhələsində aşkar edə bilir. “AIRE” modelinin müalicə sahəsində geniş tətbiq olunması üçün xəstəxanalarda və digər səhiyyə sistemlərində daha çox araşdırma tələb olunur. Modelin digər xəstəliklərdən əziyyət çəkən xəstələr üçün də faydalı olacağı ehtimal edilir. Diabet kimi digər sağlamlıq problemləri də ürəyə təsir etdiyi üçün bu xəstəliklərin diaqnostikasında da süni intellektin faydalı olması gözlənilir”.
Tədqiqatın nəticələri “Lancet Digital Health” jurnalında dərc olunub. Alimlər süni intellektin bəzi yanlış proqnozlarının xəstənin əlavə müalicə alması və ya gözlənilmədən ölməsi kimi naməlum amillər doğura biləcəyini də iddia edirlər. Buna baxmayaraq, “AIRE” modeli ürək xəstələrinin diaqnostikası və müalicəsində həkimlər üçün qiymətli bir kömək vasitəsi kimi çıxış edəcək. Fu Sionq diqqətə çatdırıb ki, bu sistem xəstələrin uzunömürlülüyünə və həyat keyfiyyətinə müsbət təsir göstərə bilər.