Xəzər Xəbər

Şimali Koreya böyük döyüş başlığı daşıya bilən ballistik raketi sınaqdan keçirib

Texnologiya | 10:13 • 19 Sentyabr 2024
Şimali Koreya böyük döyüş başlığı daşıya bilən ballistik raketi sınaqdan keçirib

Koreya Xalq Demokratik Respublikası (KXDR) super böyük döyüş başlığı daşıya bilən yeni taktiki ballistik raketi sınaqdan keçirdiyini açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Bildirilir ki, “Hwasongpho-11-Da-4.5” adlanan yeni raket sentyabrın 19-də Şimali Koreyanın raket administrasiyasının həyata keçirdiyi sınaq atışlarında 4,5 ton ağırlığında super böyük şərti döyüş başlığı ilə təchiz edilib. Onun sınaq buraxılışı 320 km-lik məsafədə atışın dəqiqliyini və partlayışın gücünü yoxlamaq məqsədi daşıyıb. KCNA raket administrasiyasının döyüş istifadəsi üçün xüsusiyyətləri əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış strateji qanadlı raketin sınaq atışını da həyata keçirdiyini açıqlayıb.

Şimali Koreya lideri Kim Çen In sınaq atışını yerində izləyib və razı qalıb. “Mövcud dövlət təhlükəsizliyini təhdid edən hərbi-siyasi vəziyyət göstərir ki, özünümüdafiə üçün hərbi potensialın gücləndirilməsi ölkənin ən vacib işi olmalıdır”, - deyə Kİm Çen In bildirib.

Qeyd edək ki, Cənubi Koreya hərbçiləri KXDR-in sentyabrın 18-də səhər saatlarında şimal-şərq istiqamətində 2 ballistik raket buraxdığını aşkar etdiklərini açıqlayıb. Yaponiyanın özünümüdafiə qüvvələrinin məlumatında isə deyilir ki, KXDR-in yarım saatlıq fasilə ilə buraxdığı 2 raket dənizdə Yaponiyanın məxsusi iqtisadi zonasından kənarda suya düşüb.

Xəbər lenti

Çox oxunanlar