“SpaceX” şirkətinin texniki problemlər və hava şəraiti ilə əlaqədar çoxsaylı gecikmələrlə üzləşən “Polaris Dawn” pilotlu missiyası tezliklə kosmosa göndəriləcək.
Xezerxeber.az xarici mediaya istinadla xəbər verir ki, dördnəfərlik ekipaj NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən “Falcon 9” raketi ilə kosmosa buraxılacaq “Dragon” kosmik gəmisinin göyərtəsində olacaq və bu, “SpaceX”in bu günə qədər olan ən iddialı missiyasından biri hesab edilir. Belə ki, kosmik gəmi təxminən 1400 kilometr maksimum hündürlüyə çatmağı hədəfləyir ki, bu da onu “Apollon” missiyası dövründən bəri ən yüksək ekipaj missiyasına çevirəcək. Ekipaj üzvləri yarıməsrlik fasilədən sonra 700 kilometr yüksəklikdə, Beynəlxalq Kosmik Stansiyadan (BKS) 300 kilometr kənarda 20 dəqiqəlik açıq kosmos yürüşü keçirəcəklər. Təxminən beş gün davam etməsi planlaşdırılan missiya zamanı iki ekipaj üzvü - Cared İsaakman və Sara Gillis tarixdə ilk şəxsi kosmos gəzintisini həyata keçirəcəklər.
Missiyanı maliyyələşdirən milyarder İsaakmanın rəhbərlik etdiyi ekipajın tərkibində ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş polkovnik-leytenantı, pilot Skott Potit və missiya mütəxəssisləri Gillis və Anna Menon, habelə iki “SpaceX” mühəndisi olacaq.
Missiya indiyədək bir neçə gecikmə ilə üzləşib; əvvəlcə avqustun 26-na planlaşdırııb, sonra helium sızması səbəbindən təxirə salınıb və ən son olaraq Florida sahillərindəki əlverişsiz hava proqnozları səbəbindən başqa vaxta keçirilib.
Missiyanın məqsədi kosmik uçuşların və kosmos radiasiyasının insan sağlamlığına təsiri ilə bağlı tədqiqata töhfə verməkdir. Ümumilikdə, planlaşdırılan 36 təcrübədən əldə edilən nəticələr gələcəkdə Ay və Mars missiyaları üçün texnologiyanın təkmilləşdirilməsinə kömək edəcək.
Ekipaj, həmçinin lazer əsaslı rabitə sistemi olan “Starlink”i kosmosda ilk sınaqdan keçirəcək.