Koreya Respublikasında terrorla mübarizə əməliyyatları üçün dördayaqlı robotun hazırlanması başa çatdırılıb və ölkənin silahlı qüvvələri onun sınaqlarına başlayıb.
AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, qarşıdakı altı ay ərzində hərbçilər robot-itin effektivliyini qiymətləndirəcək, bundan sonra onun istifadəsi ilə bağlı yekun qərar qəbul edəcəklər. Hyundai Rotem və Rainbow Robotics kompaniyalarının iştirak etdiyi prototipin hazırlanması cəmi iki il çəkib.
Robot-it saatda 4 kilometrdən çox sürətlə hərəkət edir, hündürlüyü 20 santimetrdən çox olan maneələri dəf edə bilir. O, həmçinin müşahidə və kəşfiyyat üçün gündüz və gecəgörmə kameraları ilə təchiz olunub. Döyüş tapşırıqlarını yerinə yetirmək üçün robot uzaqdan idarə olunan odlu silahlarla da təchiz edilə bilər.
Onun əsas funksiyaları şəxsi heyəti cəlb etməzdən əvvəl binalarda terror təhlükələrini müəyyən etməkdən, habelə potensial terrorçuların hərəkətlərinə cavab verməkdən ibarət olacaq. Ordu bölmələrindən biri də robotdan hərbçilərlə birlikdə axtarış-kəşfiyyat əməliyyatları aparmaq üçün eksperimentdə istifadə edir.