Xəzər Xəbər

Kosmosa parafinlə işləyən ilk raket buraxılıb

Texnologiya | 16:33 • 4 May 2024
Kosmosa parafinlə işləyən ilk raket buraxılıb

Almaniyanın “HyImpulse” şirkəti ilk dəfə kosmosa sınaq suborbital uçuşu zamanı kommersiya peyklərini daşıya bilən və şam mumu ilə işləyən raketi uğurla buraxıb.

AZƏRTAC alman mediasına istinadla xəbər verir ki, “HyImpulse” şirkətinin baş icraçı direktoru Mario Kobald jurnalistlərə müsahibəsində deyib: “Biz Almaniyanın bir kosmos ölkəsi kimi şücaətinə işarə edirik və Avropanın kosmosa çıxışını genişləndiririk”.

“SR75” adlı 12 metrlik və 2,5 tonluq sınaq raketi Cənubi Avstraliyanın Koonibba şəhərindəki buraxılış meydançasından havaya qalxıb. O, parafin və ya şam mumu və maye oksigenlə qidalanır, habelə çəkisi 250 kiloqrama qədər olan kiçik peykləri 250 kilometr yüksəkliyə daşımaq qabiliyyətinə malikdir.

“HyImpulse” bildirir ki, parafin raketlər üçün daha ucuz və təhlükəsiz alternativ yanacaq kimi istifadə oluna bilər ki, bu da peyklərin daşınması xərclərini 50 faizə qədər azaldır.

Alman mediasının yazdığına görə, 65 işçisi olan və Almaniyanın DLR kosmik agentliyindən ayrılan şirkət, artıq 100 milyon avro (105 milyon dollar) dəyərində peyk daşınması sifarişləri alıb. Eyni zamanda, bu layihə, əsasən, ictimai dəstəklə özəl olaraq maliyyələşdirilib.

“Hyimpulse” kommersiya peyklərinə tələbat artdıqca genişlənməyi hədəfləyir və 2032-ci ilə qədər illik 700 milyon avro dəyərində satış gözləyir. Bu şirkət gələn ilin sonuna qədər 600 kiloqrama qədər çəkisi olan peykləri aşağı Yer orbitlərinə yerləşdirməyə qadir olan daha böyük “SL-1” çoxpilləli raketi buraxmağı planlaşdırır.

Xəbər lenti

Çox oxunanlar