Xəzər Xəbər

İran zənginləşdirilmiş uranın istehsal tempini azaldıb

Texnologiya | 13:00 • 2 Fevral 2024
İran zənginləşdirilmiş uranın istehsal tempini azaldıb

İran yüksək zənginləşdirilmiş uran ehtiyatlarının yaradılması tempini əhəmiyyətli dərəcədə azaldıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Rafael Qrossi bu barədə “The New York Times” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, buna baxmayaraq, İran sonradan zənginləşdirmə ilə nüvə silahı üçün istifadə oluna biləcək 60 faizədək zənginləşdirilmiş uran ehtiyatını artırmaqda davam edir.

Ekspertlər Tehranın zənginləşdirilmiş uranın istehsal tempini azaltmasını nüvə sazişi üzrə ABŞ-la danışıqları bərpa etmək səyləri ilə əlaqələndirirlər.

Qeyd edək ki, qurumun dekabrın 26-da yayımladığı hesabata görə, İran uranın 60 faizə qədər zənginləşdirilməsi tempini ayda 3 kiloqramdan 9 kiloqramadək artırıb. Hazırda İranda sonrakı zənginləşdirmə ilə üç atom bombası hazırlamaq üçün kifayət qədər uran ehtiyatı var. Atom silahı istehsal etmək üçün uranın 90 faizədək zənginləşdirilməsi lazımdır, nüvə başlığı hazırlamaq üçün isə təxminən 42 kiloqram material kifayət edir.

Dekabrın 19-da Fransa, Almaniya və Böyük Britaniya Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatlarına istinadla İranda yüksək zənginləşdirilmiş uran ehtiyatlarının müəyyən olunan 202,8 kiloqramdan 22 dəfə çox olduğunu iddia ediblər. Üç ölkənin nümayəndələri Tehranın dörd ildən çoxdur ki, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsindəki öhdəlikləri pozduğunu bildiriblər.

2015-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya Tehranın nüvə proqramı ətrafında yaranan böhranı aradan qaldırmaq məqsədilə İranla saziş imzalayıblar. 2018-ci ildə ABŞ-ın sabiq Prezidenti Donald Tramp sazişdən çıxmaq barədə qərar qəbul edib, Ağ evin hazırkı rəhbəri Cozef Bayden isə Vaşinqtonu nüvə sazişinə qaytarmağa hazır olduğunu bildirib. (AZƏRTAC)

Xəbər lenti