Xəzər Xəbər

ABŞ səsdən daha sürətli eksperimental "X-59" təyyarəsini təqdim edib

Texnologiya | 09:25 • 14 Yanvar 2024
ABŞ səsdən daha sürətli eksperimental "X-59" təyyarəsini təqdim edib

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) və ABŞ-nin “Lockheed Martin” Hərbi Sənaye Korporasiyası səsdən daha sürətli eksperimental X-59 təyyarəsini təqdim edib.

Xezerxeber.az xəbər verir ki, Kaliforniyanın Palmdeyl şəhərindəki "Lockheed Martin" zavodunda keçirilən mərasim birbaşa canlı olaraq NASA-nın saytında yayımlanıb.

Agentliyin məlumatına görə, “Quesst” proqramı çərçivəsində hazırlanan “səsdən sürətli təyyarə”nin əsas fərqləndirici xüsusiyyəti, dizaynına görə səsdən daha yüksək sürətlə hərəkət edən zaman səciyyəvi səs çıxarmır. NASA, yeni təyyarənin sınaqlarının gələcəkdə ABŞ-də və bəzi digər ölkələrdə 50 il əvvəl tətbiq olunan səsdən sürətli təyyarələrin quru üzərində uçuş qadağasının ləğvinə imkan verəcəyinə ümid edir.

Bütün təyyarələr səsdən daha artıq sürətə çatdıqda yüksək, partlayışa bənzər uğultu yayırlar. NASA-nın bildirdiyinə görə, bunun əvəzinə, "X-59" həmin sürətə çatdığı zaman yalnız sakit tıqqıltı səsi eşidiləcək.

Tərtibatçılar qeyd edirlər ki, "X-59" prototip deyil, eksperimental təyyarədir, onun istifadəsi səsdən sürətli sərnişin laynerlərinin gələcək nəsillərinin işlənib hazırlanması üçün məlumatların toplanmasına imkan yaradacaq. Təqdim edilən xüsusiyyətlərinə görə təxminən 9 metr qanad genişliyi olan 30 metr uzunluğundakı təyyarə, səsdən yüksək olan 1488 kilometr/saat sürətə çata bilər.

“Biz cəmi bir neçə il ərzində iddia etdiyimiz ideyanı, nəhayət, reallığa çevirə bildik. NASA-nın X-59 təyyarəsi səyahət tərzimizi dəyişdirməyə və bizi ayıran məsafələri daha sürətli qət etməyə kömək edəcək”, – deyə NASA direktorunun müavini Pamela Melroy bildirib.

NASA tezliklə sistemlərin sınaqdan keçirilməsinə və təyyarə mühərriklərinin avtonom rejimdə işə salınmasına, həmçinin sınaq uçuşuna başlamağı planlaşdırır. 2024-cü ildə ilk "X-59" sınaq uçuşunun səs sürətindən aşağı sürətlə həyata keçiriləcəyi gözlənilir. “Lockheed Martin”in "X-59" Təyyarəsinin Təkmilləşdirilməsi Proqramının rəhbəri David Riçardsonun sözlərinə görə, ilk sınaq uçuşu 2024-cü ilin bahar aylarının sonunda – yayın əvvəlində keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar