Xəzər Xəbər

Robotların köməyi ilə su itkisinin qarşısı belə alınır

Su təsərrüfatında robot texnologiyasının tətbiqi genişləndirir
Texnologiya | 19:14 • 14 Fevral 2023
Robotların köməyi ilə su itkisinin qarşısı belə alınır

Böyük Britaniyanın su sənayesinin iqtisadi tənzimləyicisi “Ofwat” bildirib ki, İngiltərə və Uelsdə hər gün yüz minlərlə kilometr uzunluğunda olan su borularında sızmalar nəticəsində təxminən 3 milyard litr su itirilir. Bu itkilərin qarşısını almaq məqsədilə mühəndislər qrupu boru şəbəkəsinə nəzarət edəcək, nasazlıqları yoxlayacaq və sızmaların qarşısını alacaq miniatür robotlar hazırlayıb.

AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, şəhər təsərrüfatı mütəxəssisləri texnologiyanın ən son nailiyyətlərinin tətbiqi olmadan, su şəbəkəsində itkilərin qarşısını almağın mümkün olmadığı qənaətindədirlər. Artıq şirkətlər sızmaların aradan qaldırılmasına milyardlarla funt sterlinq vəsait yönəldirlər. Bununla belə, “Ofwat” qurumunun son hesabatında su şirkətlərinin investisiya çatışmazlığı diqqətə çatdırılıb.

Hesabatda qeyd olunub ki, su sızmaları geniş yayılmış və mürəkkəb problemdir. Böyük Britaniyada yüz minlərlə kilometr uzunluğunda olan boru xətləri milyonlarla insanı içməli su ilə təmin edir. Təkcə Esseks və Suffolk bölgəsində 8500 kilometrlik su borularında sızmaların yalnız yarısını müəyyən etmək mümkün olur. İtkilərə rəğmən, İngiltərə və Uelsdə əhalinin 20 faizi su pulunu ödəməkdə çətinlik çəkir.

Bütün bu problemlərin fonunda su təsərrüfatında robot texnologiyasının tətbiqi genişləndirir. Britaniyanın müvafiq hökumət strukturları qeyd edirlər ki, hələlik robotlar vasitəsilə sızmaların qarşısı cəmi 6 faiz alınsa da, 2050-ci ilədək itirilən suyun miqdarını iki dəfədən də çox azaltmaq mümkün olacaq. Hazırda mühəndislər tərəfindən xüsusi borudaxili kameralar, peyk təsviri, termal dron texnologiyası, yüksək texnologiyalı zondlar və süni intellekt daxil olmaqla, texnologiyanın ən son nailiyyətləri tətbiq edilir.

Xəbər lenti

Çox oxunanlar