Xəbər verdiyimiz kimi, dünəndən etibarən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq edir.
Bu məhdudiyyətlərdən sonra isə sosial şəbəkə istifadəçiləri arasında VPN-dən (Virtual Private Network) istifadə edənlərin sayı çoxalıb.
VPN (virtual özəl şəbəkə) nədir? Necə işləyir? Nə qədər təhlükəsizdir?
VPN iki kompüter arasında olan məlumatları virtual tunel vasitəsi ilə şifrələyərək ötürən əlaqə vasitəsidir. Belə ki, VPN bağlantısi üzərindən istifadəçilər təhlükəsiz şəkildə informasiyanın ötürülməsini həyata keçirə bilərlər. Buna səbəb ötürülən informasiyanın adi qaydadan fərqli olaraq şifrələnmiş halda göndərilməsidir. Yəni VPN qurulmuş iki nöqtə arasında bir nöqtədən digərinə informasiya göndərilərkən həmin paket şifrələnir və digər tərəfdə deşifrələnir. İnformasiya isə açıq şəkildə təqdim olunur. Məhz buna görə bu texnologiya təhlükəli zonalarda daha geniş istifadə olunur.
Mövzu ilə bağlı Lent.az -a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, VPN texnologiyasında vətəndaşın informasiya münasibətlərinin qurulmasında ortada tanınmayan şirkət iştirak edir:
"Sözügedən texnologiyadan istifadədən əvvəl iki tərəf var idisə, indi başqa bir tərəf də olur. Bu zaman VPN-nin istifadəsində bir çox risklər yaranır. Məsələn, fərdi məlumatların ələ keçirilməsi, eləcə də telefonda olan əlaqələr, şəkillərdən, proqramlara giriş edilən kodlar və digər məlumatlar hər an götürülə və istifadə edilə bilər.
Fərdi informasiya təhlükəsizliyindən əsas olan isə dövlətin təhlükəsizliyi ilə bağlıdır. Çünki indiyədək informasiya trafikinə dövlət nəzarət edə bilirdisə, VPN istifadəsindən sonra dövlətin nəzarətində bir sıra problemlər olur və buna nəzarət mümkün olmur”.
Osman Gündüz qeyd edib ki, risklər səbəbindən ehtiyac olmadığı müddətdə VPN-dən istifadə məsləhət görülmür:
"Düşünürəm ki, dövlətin internetlə bağlı verdiyi qərar anlaşıqla qarşılanmalıdır. Ancaq burada bir məsələ var: hazırda "Facebook”, "Twitter” şəbəkələri vasitəsilə ölkənin xarici dil biliyi olan vətəndaşları beynəlxalq aləmdə informasiya müharibəsi apara bilərlər. Buna görə də düşünürəm ki, sözügedən şəbəkələrin istifadəsində yumşalmalar və ya uyğun variantların təklif edilməsi müzakirə oluna bilər.
"WhatsApp”, "YouTube”, "Instagram” şəbəkələrinin işləməməsi isə əhali arasında narahatlıqla qarşılanmamalıdır ".