"Wi-Fi 6E” simsiz rabitə standartını dəstəkləyən avadanlıqların tədarük həcmi sürətlə artacaq. Bu barədə "DigiTimes” resursunun sahə üzrə icmalçılardan əldə etdiyi informasiyaya istinadən məlumatında deyilir.
Xezerxeber.az xarici saytlara istinadən xəbər verir ki, hazırda "Wi-Fi” şəbəkələri 2,4 və 5 QHs tezlik diapazonlarından istifadə edir. "Wi-Fi 6E” standartı lisenziyalaşdırılmamış istifadə üçün daha bir – 6 QHs diapazonunun ayrılmasını nəzərdə tutur.
Məlumata görə, "Wi-Fi 6E” texnologiyası çox yüklənmiş yerlərdə yüksək məhsuldarlığın təmini üçün hazırlanıb. İlkin testlərə görə, məlumatların ötürülmə sürəti yubanma səviyyəsi 2 milli saniyə olmaqla 2 Qbit/saniyəyə çata bilər.
Analitiklərin proqnozlarına görə, 2021-ci ildə "Wi-Fi 6E” dəstəkli qlobal qurğular bazarının həcmi 310-320 milyon ədəd təşkil edəcək. İlk belə qurğunun bu ilin sonunda yaradılacağı gözlənilir.
Yeni nəsil "Wi-Fi” qurğuları üçün prosessorların yaradılması üzərində "NXP Semiconductor”, "Qualcomm”, "Broadcom” və "Qorvo” kimi şirkətlər çalışır. Bundan başqa, "Wi-Fi 6E” standartının tətbiqi ilə "MediaTek”, "Realtek Semiconductors” və "RichWave” şirkətləri məşğul olacaq.