"Google" şirkəti videozəng xidmətlərinin populyarlaşmasına səbəb olan "COVID-19" pandemiyası şəraitində öz məhsullarına "Google Meet" xidmətini aktiv quraşdırmağa başlayıb. Bu həftə sözügedən xidmət "Gmail" elektron poçt platformasının "Android" əməliyyat sistemi üçün versiyasına quraşdırılıb: artıq birbaşa mobil tətbiqdən zəng etməyə və onları qəbul etməyə imkan verən ayrı bir bölmə əlçatan olub. Bundan əvvəl müvafiq funksiya "Gmail"in "iOS" versiyasına əlavə edilmişdi.
XəzərXəbər ictnews.az-a istinadən bildirir ki, "Meet" bölməsində zənglərin tarixçəsinə baxmaq, təqvimdə videogörüş planlaşdırmaq, xüsusi kod üzrə artıq başlanmış konfransa qoşulmaq olar. Söhbət zamanı ekranı başqa istifadəçiyə göstərmək mümkündür.
"Gmail" elektron poçt xidmətinin yenilənmiş versiyası (2020.06.28.320626991) yaxın 15 gündə bütün istifadəçilərə əlçatan olacaq.