ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi və "Boeing” kompaniyası 737 MAX modelinin MCAS (Maneuvering Characteristics Augmentation System – Manevr xarakteristikasını yaxşılaşdırma sistemi) sertifikasiya çərçivəsində uçuş sınaqlarını başa çatdırıb.
Xezerxeber.az xəbər verir ki, bu həftə baş tutan üç günlük test zamanı qurumun pilotları və mühəndisləri "Boeing” kompaniyasının təyyarənin uçuşunun avtomatlaşdırılmış idarə sistemi ilə bağlı dəyişikliklərini sınaqdan keçirib.
"Sınaq uçuşlarının həyata keçirilməsi əsas mərhələdir, lakin əldə edilən məlumatların qiymətləndirilməsi də daxil olmaqla, bir sıra mühüm məsələyə aydınlıq gətirilməlidir”, - deyə saytda yerləşdirilən bəyanatda bildirilir.
Federal Mülki Aviasiya İdarəsinin sınaqların nəticələrini nə vaxt elan edəcəyi məlum deyil. "Boeing 737 MAX” təyyarələrinin istifadəsinə yalnız ekspertlərin laynerin sertifikasiya standartlarına cavab verdiyi barədə rəyindən sonra icazə veriləcək.
Xatırladaq ki, "Ethiopian Airlines” aviakompaniyasına məxsus "Boeing 737-MAX” təyyarəsi 2019-cu il martın 10-da qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. Bundan bir müddət əvvəl - 2018-ci il oktyabrın 29-da isə İndoneziyanın "Lion Air” aviakompaniyasına məxsus eyni modelli təyyarənin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.
"Boeing” kompaniyası qəzaya uğramış hər iki təyyarənin MCAS sisteminin işində nasazlıq olduğunu etiraf edib. Bundan sonra ABŞ və Avropa İttifaqı dövlətləri də daxil olmaqla, bir çox ölkə bu modelli təyyarələrdən istifadəni dayandırıb.