Paytaxt məktəblisi yeni sərinkeş modeli hazırlayıb. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 56 nömrəli tam orta məktəbin IV sinif şagirdi David Mahmudovun hazırladığı model stolüstü sərinkeş funksiyasını yerinə yetirir.
BŞTİ-dən xezerxeber.az-a bildirilib ki, modeli hazırlamaq üçün məktəbli ilk olaraq kartondan istifadə edərək sərinkeşin pərlərini düzəldib. Elektriklə işləyən modelin pərləri hər iki istiqamət üzrə hərəkət edə bilir.
Qeyd edək ki, bu, istedadlı məktəblinin hazırladığı ilk cihaz modeli deyil. Bundan öncə də məktəbli müxtəlif əşyalardan istifadə edərək bir sıra fərqli modellər hazırlayıb.
Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar evdə asudə vaxtından səmərəli istifadə edən məktəblinin yeni cihazların mexanizmini dərindən öyrənərək uğurla tətbiq etməsi onun texnologiya və robototexnikaya marağından irəli gəlir.