"Falcon 9” daşıyıcı raketi "Starlink” qlobal internet şəbəkəsi sistemi üçün nəzərdə tutulan 58 mini-peyklə ABŞ-ın Florida ştatında yerləşən Kanaveral burnundakı kosmodromdan fəzaya buraxılıb.
"SpaceX” kompaniyası raketin startını canlı yayımlayıb.
"Falcon 9” daşıyıcı raketi ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 5:21-də NASA-nın Florida ştatında yerləşən Kanaveral burnundakı kosmodromdan start götürüb. Bu, ötən ilin may ayından "Starlink” layihəsi çərçivəsində orbitə çıxarılan doqquzuncu internet-peykləri qrupudur.
Raket "Starlink” aparatlarından başqa, "Planet” kompaniyasının üç zondlama peykini də daşıyıb. Onlar "Starlink” peykləri raketdən ayrılmazdan öncə orbitə çıxarılıb.
"SpaceX” kompaniyası Yer kürəsi sakinlərinin genişzolaqlı internetə girişini təmin etməyə imkan verəcək şəbəkənin qurulması üçün hər birinin çəkisi 500 kiloqramadək olan 12 min kosmik aparatı orbitə çıxarmağı planlaşdırır. Layihənin reallaşdırılması üçün investisiyaların ümumi həcmi 10 milyard dollardır.
İnternet peyklərinin onuncu partiyası iyunun sonlarında orbitə çıxarılmalıdır.