Xəzər Xəbər

“Apple” və “Microsoft” kompaniyalarının kapitallaşması 1,5 trilyon dolları ötüb

Texnologiya | 11:59 • 12 İyun 2020
“Apple” və “Microsoft” kompaniyalarının kapitallaşması 1,5 trilyon dolları ötüb

"Apple” kompaniyasının kapitallaşması rekord məbləğə - 1,5 trilyon dollara çatıb.


AZƏRTAC "Apple Insider” portalına istinadla xəbər verir ki, iyunun 10-da keçirilən hərraclarda kompaniyanın kapitallaşması 1,53 trilyon dollar təşkil edib. Gün ərzində "Apple” səhmlərinin dəyəri 2 faiz artaraq 352 dollara yüksəlib. İlin əvvəlində səhmlər koronavirus pandemiyası səbəbindən ucuzlaşsa da, may ayında böhran öncəsi göstəriciləri bərpa etmək mümkün olub. Analitiklər "Apple” kompaniyasının ABŞ-da kapitallaşması 2 trilyon dolları keçəcək ilk şirkət olacağını proqnozlaşdırırlar. 2018-ci ilin avqustunda o, kapitallaşması 1 trilyon dolları ötən ilk kompaniya olmuşdu.


"Barron's” nəşrinin məlumatına görə, iyunun 10-da "Microsoft” texnologiya korporasiyasının kapitalı da 1,5 trilyon dolları keçib. Kompaniya buna bulud texnologiyalarının inkişafı və distant iş rejiminə keçidlə bağlı proqram təminatına tələbatın artması nəticəsində nail olub.


Eyni gündə daha iki kompaniya öz rekordlarını yeniləyib. Belə ki, "Amazon” korporasiyasının kapitallaşması 1,3 trilyon dollara çatıb, "Google” kompaniyasının kapitallaşması isə 1 trilyon dolları ötüb.


Qeyd edək ki, 1976-cı ildə əsası qoyulan "Apple” kompaniyası "iPhone” smartfonlarından əlavə "iPad” planşet kompüterləri, "iMac” kompüterləri, "MacBook” noutbukları, "iPod” musiqi pleyerləri və digər yüksək texnoloji texnikalar istehsal edir. Korporasiyanın mənzil qərargahı Kaliforniya ştatının Kupertino şəhərində yerləşir.


1975-ci ildə Bill Qeyts və Pol Allen tərəfindən təsis edilən və mənzil qərargahı Vaşinqton ştatının Redmond şəhərində yerləşən "Microsoft” kompaniyası isə kompüterlərdən mobil telefonlaradək müxtəlif qurğular üçün proqram təminatının istehsalı ilə məşğul olur.

Xəbər lenti