Almaniyanın məşhur avtomobil istehsalçısı BMW qaz dövriyyəsi sistemindəki soyuducu maye çatışmazlığına və qüsurlu klapanlarına görə Cənubi Koreyada 102 min 468 avtomobili geri çağırıb.
AZƏRTAC xəbər verir ki, ötən il Cənubi Koreyada 40-a yaxın "BMW” avtomobilinin mühərrikində baş verən yanğından sonra mülki mütəxəssislərdən və dövlət qurumlarının əməkdaşlarından ibarət qrupun araşdırmasından sonra şirkətin qüsurlu avtomobilləri geri çağırması barədə qərar qəbul olunmuşdu. Ötən ilin avqustunda başlayan proses çərçivəsində indiyədək birinci mərhələdə qüsurlu hesab edilən təxminən 106 min avtomobilin indiyədək 94 faizi geri çağırılaraq, nasaz hissələr dəyişdirilib.
Qeyd edək ki, Cənubi Koreyada dizel yanacağı ilə işləyən BMW avtomobillərinin mühərrikində baş verən yanğın hallarından sonra ötən ilin avqustunda 1226 nəfər istehsalçı şirkəti məhkəməyə vermişdi. Onlar maddi və mənəvi ziyana görə hər adama 15 milyon Koreya vonu (13,5 min ABŞ dolları) kompensasiya tələb ediblər. Sözügedən yanğın faktları Cənubi Koreyada BMW avtomobillərinin satışının azalmasına da təsirsiz ötüşməyib. Şirkətin yaydığı məlumatda deyilir ki, cari ilin yanvar-mart aylarında Cənubi Koreyada "BMW and Mini” modeli avtomobillərinin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 51 faiz azalıb.