Ukrayna müdafiə sənayesi müəssisələri müxtəlif növ hərbi radioelektron avadanlıqların, o cümlədən elektrik təchizatı və məlumat ötürülməsi sistemlərinin məhv edilməsi üçün nəzərdə tutulmuş elektromaqnit silahlarının istehsalına başlayıb.
Bu barədə "Ukroboronprom" şirkətlər qrupunun tərkibində fəaliyyət göstərən "Spetstexnoeksport" dövlət müəssisəsi məlumat yayıb.
Məlumata görə, yeni silah güclü elektromaqnit radiasiyası əmələ gətirir ki, bu da silahları və hərbi texnikada olan radioelektron avadanlıqları sıradan çıxarır yaxud normal fəaliyyətinə əhəmiyyətli maneə yaradır.
Bu silah növü yalnız elektromaqnit radiasiyasının enerjisindən istifadə edir. Ona görə də onun hərəkəti insanlara ölümcül təsir göstərmir, ancaq elektron sistemlərlə təchiz olunmuş hər hansı avadanlıq və ya infrastrukturu məhv edə bilər.
"Spetstexnoeksport"un məlumatında qeyd olunur ki, yeni elektromaqnit silahları mülki əhaliyə zərər vermək riski olmadan, komandanın və inzibati mərkəzlərin, kommunikasiya mərkəzlərinin, elektrik stansiyalarının, hava müdafiə qurğularının və s. daxil olmaqla, düşmənin strateji məqsədlərinə qarşı səmərəli şəkildə istifadə edilə bilər. (AZƏRTAC)