2022-ci ildən etibarən Avropa İttifaqı (Aİ) ölkələrində yeni avtomobillərdə sürət məhdudiyyəti sistemi tətbiq ediləcək. Avropa Komissiyasının təsdiq etdiyi bu təkliflər Avropa Şurası və Avropa Parlamentinin ratifikasiyasından sonra qüvvəyə minəcək.
AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, Aİ 2050-ci ilədək yol-nəqliyyat qəzalarında ölüm hallarını minimuma endirməyi nəzərdə tutur. Bu məqsədlə yeni avtomobillərdə "ağıllı sürət yardımı” (ISA) təcili əyləc sistemi və nəqliyyat vasitələrinin yol zolağında qalmasını təmin edən məcburi texnologiya quraşdırılması nəzərdə tutulur. ISA sürət lövhələrini qəbul edən kameralar vasitəsilə işləyəcək və GPS proqramının olduğu kompüterlər lazımi sürəti hesablayaraq motor əyləci ilə avtomatik şəkildə sürəti azaldacaq.
Aİ Komissiyasının üzvü Elizabet Bienkovska yeni sistemlə bağlı müraciətində qeyd edib ki, hər il yol-nəqliyyat qəzalarında 25 min insan həyatını itirir. Onun sözlərinə görə, bu qəzaların əksəriyyəti sürücü xətalarından baş verir və yeni sistem onların qarşısını almağa kömək edəcək. ISA sürəti azaltmaqla yanaşı, sürücülərə yuxulamaq, mobil telefondan istifadə etməklə bağlı xəbərdarlıq da edəcək. Əlavə olaraq, sistemə avtobus və yük maşınlarında sürücülərin ətrafı tam şəkildə görməsini təmin edəcək proqram daxil ediləcək. Avropa Nəqliyyat Təhlükəsizliyi Şurası bu tədbirlər nəticəsində 2038-ci ilədək ağır xəsarətlə nəticələnən 140 min qəzanın qarşısının alınacağını bildirib.
Avropa Şurası və Avropa Parlamentinin yeni sistemi təsdiq etməsi prosesinin bir neçə ay davam edəcəyi qeyd olunur.