Elton Con bazar günü öz vətənində son çıxışını edib. Vida konsertinin yeri İngiltərədə keçirilən Qlastonberi Musiqi Festivalı olub.
Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, Elton Cona festivalın çoxsaylı məkanlarından ən nüfuzlusu – “Pyramid” səhnəsi verilib. Royal arxasında əyləşən musiqiçi özünün bir çox hitlərini ifa edib.
Xatırladaq ki, Elton Con 2018-ci ildən vida konsert turuna başlayıb, lakin COVID-19 pandemiyası ilə əlaqədar fasilə verməli olub. Ümumilikdə 333 konsert verilməsi planlaşdırılan tur iyulun 8-də Stokholmda başa çatacaq.
Yanvar ayının sonuna olan məlumata görə, 278 konsert verilən bu tur tarixdə ən çox gəlir gətirən tur olub. Elton Con həmin vaxt 817,9 milyon dollar toplayıb. Bu, digər britaniyalı ifaçı Ed Şiranın “The Divide Tour”unu geri qoyub. Həmin turda 776,4 milyon dollar toplanılıb. Kassa yığımına görə, üçüncü yerdə İrlandiyanın U2 rok kvartetinin “The 360 Tour”u hesab edilir - 736,4 milyon dollar.
Mart ayında “The Sunday Times” Elton Conun vida konsert turundan toplanan vəsaitin 1 milyard dolları keçəcəyini yazıb.