Turin şəhəri “Avroviziya” beynəlxalq mahni müsabiqəsinin estafetini Liverpula təhvil verib.
Böyük Britaniyanın Liverpul şəhərindəki “Müqəddəs Georgi” zalında yarımfinalçıların püşkatma mərasimi də daxil olmaqla, “Avroviziya” mahni müsabiqəsi rəsmi start götürüb. Səsvermənin yeni qaydalarına əsasən, finala vəsiqə bütün dünya üzrə tamaşaçıların səsverməsinin nəticələrinə əsasən müəyyən olunacaq.
2022-ci ildə “Kalush Orchestra” qrupunun qələbəsinə baxmayaraq, Ukrayna Rusiyanın hərbi təcavüzü və təhlükəsizlik səbəbindən müsabiqəni qəbul edə bilməyib. Nəticədə ikinci yeri tutan Böyük Britaniya “Avroviziya” müsabiqəsini keçirmək hüququ əldə edib.
Püşkatmaya əsasən, Azərbaycan yarımfinalda birinci qrupunda yarışacaq. Bu qrupda ölkəmizlə yanaşı, Serbiya, Latviya, İrlandiya, Norveç, Portuqaliya, Xorvatiya, Malta, İsveç, Moldova, İsveçrə, İsrail, Niderland, Finlandiya və Çexiya yer alıb. Ümumilikdə isə Liverpulda keçiriləcək müsabiqəyə 37 ölkə nümayəndələrini göndərəcək.
Müsabiqənin əsasını qoyan ölkələr – Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, İspaniya, həmçinin ötən ilin qalibi Ukrayna avtomatik olaraq finalda iştirak edəcək.
“Avroviziya” mahni müsabiqəsi 1956-cı ildən başlayaraq (pandemiya səbəbindən ləğv edildiyi 2020-ci il istisna olmaqla) hər il keçirilir. O, dünyada 160 milyon tamaşaçı ilə ən çox izlənən əyləncə şousudur.
Şüarı “Musiqi ilə birləşənlər” olan müsabiqənin yarımfinalları və finalı may ayının 9, 11 və 13-də keçiriləcək. (AZƏRTAC)