Türkiyəli müğənni Alişanın boşandığı istiqamətindəki iddialar gündəm olub.
İfaçının ötən gün qızı Elizin 1 yaşı tamam olub. Alişanın həyat yoldaşı Buse Varol qızı üçün lüks bir oteldə məclis təşkil etsə də, Alişan ailə arasında bir tədbir keçirib. Bununla bağlı müğənni "Kişilərin qatılmadığı məclis olduğuna görə Busenin ad günü təşkil etdiyi yerə getmədim”, deyə bildirib. Varol isə, "Suzan ana (qaynanası) ilə bir problemimiz yoxdur. Heç kim məni evə dəvət etmədi. Hamısının kədərinə hörmət edirəm, amma Eliz bir daha 1 yaşını qeyd etməyəcək. Mənim keçirdiyim tədbirə gəlincə isə, onu Alişan təşkil etmişdi. Onun rəhmətli qardaşı Selcukun həyat yoldaşı Merve də gələcəkdi, son anda istəmədilər”, - deyə söyləyib.
Sözügedən hadisə Türkiyə mətbuatında cütlük arasında "soyuq küləklərin əsməsi” kimi qiymətləndirilib. Yaxın zamanlarda ikilinin boşanacağı istiqamətində iddialar sürətlə yayılıb.
Qeyd edək ki, Alişan və Buse 2018-ci ildə ailə həyatı qurublar. Onların bu evlilikdən Burak və Eliz adlı iki övladı var./Sfera.az